Matrix Academynin həmtəsisçisi Fərid Hüseynsoy: "Ölkəmizdə bu qədər insanın təlimlərə maraq göstərəcəyi ağlıma gəlməzdi"

- Fərid müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən, Fərid Hüseynsoy Hüseyn oğlu.
- Mənim bu sahəyə gəlməyimin əslində maraqlı bir hekayəsi var. Mən lap uşaqlıqdan insan sevirəm. İnsanlarla ünsiyyət, onlara kömək etmək, kimlərinsə işlərinin həll olmasına, məqsədlərinə çatmasına yardım etmək məni hər zaman xoşbəxt edib. İxtisasım sosial işdir. Mən bu sahədə təhsil alan zaman sosial iş Azərbaycanda o qədər də inkişaf etməmişdi. Ona görə material azlığından çox araşdırmaq məcburiyyətində qalmışam. Araşdırdıqca da həm özümü inkişaf etdirmişəm həm də ki, yavaş-yavaş sosial iş mütəxəssisinə çevrilmişəm. Sosial sahəni, həssas kateqoriyadan olan insanlarla və gənclərlə işləməyi çox sevirəm. Hal-hazırda sosial sahədə dövlət müəssisəsində çalışıram və daha çox sosial yönümlü bir tədris mərkəzi olan Matrix Academynin həmtəsisçisi və rəhbəriyəm. Ölkəmizdəki mütəxəssislərin, vətəndaşların, və ən əsası da gənclərin təhsilinə bir qatqımızın olması üçün təhsil sahəsində də təlimçi psixoloq Fərid İsmayılovla birlikdə müəyyən fəaliyyətlərə başladıq və beləcə Matrix Academy yarandı.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 6 ildir ki, rəsmi olaraq sosial sahədə çalışıram. Eyni zamanda, 3 ildir elmi tərəfi ilə də məşğulam və 10 ilə yaxın bir müddətdir sosial sahədə və ona yaxın olan hər sahədə müxtəlif araşdırmalar aparıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Qeyd etdiyim kimi, 6 ildir ki artıq QHT və dövlət qurumlarında rəsmi olaraq fəaliyyət göstərirəm. Bu dövr ərzində bəlkə də yüzlərlə şəxsin həyatına toxuna bilmişəm. Eyni zamanda Magistr dövründə bir neçə yerli və beynəlxalq jurnallarda məqalələrim dərc olunub. Hazırda sosial iş üzrə və motivasiya təlimləri keçirəm və öz dövrümdə bu sahəyə materiallar tapa bilmədiyim üçün kitab yazıram. Matrix Academynin yaranmasında qoşulduğum çox sayda beynəlxalq və yerli təlimlərin, seminarların və kursların da böyük əhəmiyyəti olub.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar daha çox onlayn təlimlərlə bağlı müraciətlər olur. Düşünürəm ki, əvvələ nisbətən onlayn təlimlərə maraq və tələbat daha çoxdur hal-hazırda.
- Bir mütəxəssis olaraq nəyin əleyhinəsiniz?
- Mütəxəssis olaraq çox şeyə yox deyərdim. Siyahını həddən artıq uzatmaq olar. Amma qısaca onu deyim, hansı ki, təlimlərimizdə də bu fikirləri söyləyirik hər zaman. Bildiyimiz kimi, ölkədə həddən artıq çox erkən nikah və boşanmalar olur. Ailə dəyərlərinin pozulmasına, gənclərin fikir azadlığının valideynlər tərəfindən məhdudlaşmasına və inkluziv cəmiyyətin formalaşmasında olan maneələrə yox deyirəm.
- Mərkəzimizdə hansı xidmətlər göstərilir?
- Bizim təlim mərkəzimizdə müxtəlif sahələrə aid ödənişli və ödənişsiz təlimlər keçirilir. Hər bir iştirakçı da sertifikatla təmin olunur.
- Fərqliliyiniz nədədir?
- Matrix Academynin fərqi ondadır ki, biz keçdiyimiz təlimləri quru Avropa, Rusiya, Amerika və.s ölkələrin nəzəriyyələrini öyrətmirik. Dünyada mövcud olan nəzəriyyələrin Azərbaycanda mental düşüncələri, siyasi, iqtisadi və sosial vəziyyəti əsas götürərək öz ölkəmizdə necə və hansı şərtlərlə tətbiq etmək olar onu öyrədirik.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq müləyim və çox səbrli biriyəm. Çox nadir hallarda çox nadir insanlar əsəbləşməyimin şahidi ola bilər.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhət görərdim ki, ixtisas və peşələrini dərindən öyrənib mənimsəsinlər, özlərini daim inkişaf etdirsinlər. Təhsilə qoyulan sərmayə heç vaxt itmir. Bilik güclü olarsa qarşıda heç nə dayana bilməz.
- Mən bu sahəni seçəkrən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, Azərbaycanda təlimlərə bu qədər maraq göstərən insan var. Bu çox sevindirici bir haldır. Matrix Academy olaraq da əlimizdən gələn qədər hər kəsə dəstək olmağa hazırıq.