Pedaqoq Aynurə Əhmədova: "Dili gözlərinlə deyil, qulaqlarınla öyrən!"

- Aynur xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu peşə mənim uşaqlıq arzum olub. Anam qardaşımla məni həkim kimi görmək istəyirdi. Amma qardaşım polis, mən isə ingilis dili müəllimi olmaq istəyirdim. Şükür ki, istəyimə çatdım və bu sahəyə gəldim. 2007-ci ildə Xəzər Universitetinin ingilis-dili ədəbiyyatı fakültəsinə daxil oldum. 2012-ci ildə oranı yaxşı nəticələrlə bitirdiyim üçün rəhbərlik mənə oranın kitabxanasında işləməyi təklif etdi. Mən də sevə-sevə qəbul etdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Hal-hazırda repititor kimi fəaliyyətimi davam etdirirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən yerimdə sayan, sırf testə köklənən biri deyiləm. Ümumiyyətlə, testin və qrammatika əzəbərləməyin əleyhinəyəm. Dil bu cür öyrənilə bilməz. Cambridge standartlarına əsasən bu metod yanlışdır. Dil təbii şəkildə mənimsənilməlidir. Amma təəssüf ki, məktəblərdə dilə fənn kimi baxdıqları üçün yalnış metodlarla öyrədirlər. Bu da şagirdləri həm həddindən artıq yükləyir, həm də nəticəsiz qalır. Bu məsələdə ən vacib məqam öyrəndiklərini tətbiq etməkdir.
- İş prinsipiniz nədən ibarətdir?
- Müəllim ilk növbədə özünü sevdirməyi bacarmalıdır. Mən də bunun üçün çalışıram. Hər bir müəllim tələbənin psixologiyasını yaxşı bilməlidir.
- Hansı yaş qrupuna aid tələbələrlə dərs deyirsiniz?
- Mən əsasən yeniyetmələrlə çalışıram.
- Bir mütəxəssis olaraq nəyin əleyhinəsiniz?
- Qısa müddətli kursların əleyhinəyəm. Çünki dil öyrənmək prossesi çox uzun müddətli bir prosesdir. Bəzi kurslar tələbəyə dili 40 günə öyrədəcəkləri barədə vədlər verirlər. Bu, birmənalı olaraq mümkünsüzdür. Qeyd edim ki, dili göz ilə deyil, qulaqlarla öyrənmək lazımdır.
- Xarakter olaraq necə birisiniz?
- Çox tələbkar və mükəmməlliyətçi biriyəm.
- Dili mükəmməl bir şəkildə öyrənmək üçün nə etmək lazımdır?
- Hər zaman öz üzərimizdə çalışmalıyıq. Daim dil daşıyıcılarını dinləyib imitasiya etməliyik. Bu metod dilçi alim Dr. Stephen Krashenin input output nezəriyyəsinə əsaslanıb.
Mən özüm tələbələrə dərs verirəm, amma tez-tez ana dili ingilis-dili olan dil daşıyıcılarından dərs alıram. Özümü bu sahədə daha da təkmilləşdirirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Yeniyetmələrə və abituriyəntlərə məsləhət görərdim ki, universitetə daxil olana qədər öz dil biliklərini inkişaf etdirsinlər və hazır olsunlar. Yalnız biliklərini deyil, bacarıqlarını inkişaf etdirsinlər. Çünki dil bilmək bilik deyil, bacarıqdır.
- Ağlıma gəlməzdi ki, məktəblilər bu qədər zəif olar və ingilis-dilinə bu qədər tələbat olar. Məktəblərdə dilin yalnış metodlarla öyrədilməsi məni çox məyus edir.