Pedaqoq Aynurə Akif: "Şagirdlərimə doğru yol göstərmək əsas iş prinsipimdir"

- Aynurə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim ibtidai sinif müəllimi olmağımda atam Akif Məmmədoğlunun rolu böyükdür. Tanınmış ziyalı, pedaqoq, şair olan Akif müəllimin dəsti xətti ilə getmək hələ uşaqlıq arzum olub. Hər zaman atamın dərslərində oturub onu sevgi ilə dinləyirdim və evə gələrkən onun sinif otağında necə dərs keçdiyini və şagirdlərinə necə sevgi ilə yanaşdığını təkrar edərdim. Bunu atam da hiss etmişdi və o gündən deyirdi ki, sənə müəllimlik peşəsi çox yaraşacaq. Əvvəllər onun kimi Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmək istəyirdim. Amma zaman ele gəldi ki, atamın arzusu ilə mən ibtidai sinif müəllimi peşəsinə yiyələndim. Bu gün bu peşəmlə fəxr edirəm və atamın arzusunu anbaan yerinə yetirməyə çalışıram ki, ruhu şad olsun.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 16 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə bir çox işlər görmüşəm və neçə-neçə layihələrə, yeniliklərə imza atmaq arzum günü-gündən artır. Çünki bir millətin gələcəyi onun yüksək səviyyəli təhsilindən keçir. Gələcəyimizin sağlam ruhda yetişməsi üçün əlimdən nə gəlirsə, hər zaman etməyə hazıram. Çünki mən dövlətimi, vətənimi, rəhbərimi, xalqımı və ən əsası dünyanın bütün dillərindən gözəl olan ana dilimi çox sevirəm. Qeyd edim ki, musiqi təhsilim də var. Pianoda gözəl ifa etməyi bacarıram.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipin ondan ibarətdir ki, işimin, peşəmin vurğunuyam. Buna görə də şagirdlərə doğru yol göstərmək, onların təlim və tərbiyəsi ilə ciddi məşğul olmaq əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar şagirdlərin həyatında sosial şəbəkələrdən istifadə həddindən artıq çoxdur. Bunun üçün şagirdlərdə baş verən diqqət yayınıqlığı və tədrisin aşağı düşməsi ilə müraciətlərin sayı çoxalıb.
- Bir mütəxəssis olaraq nəyə yox deyirsiniz?
- Bir mütəxəssis olaraq tədris proqramında şagirdlərin qarşısında duran bəzi çətin proqramların və həddindən artıq psixoloji yükləmələrin, imtahanların şagirdlərin həyatının aqressiv bir hissəsinə çevrilməsinə yox deyərdim.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq çox mülayim , sakit təbiətli, məsuliyyətli və tələbkar biriyəm.
- Ailəlisinizmi?
- Ailəliyəm, 3 övladım var .
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhət görərdim ki, adekvat olsunlar. Hər şeyi düzgün təhlil etməyi bacarsınlar. Bir şəxsiyyət kimi hər gün öz xarici görünüşümüzə necə fikir veririksə, eləcə də düşüncələrimizi və dünyaya baxışımızı qaydasına salaq. İnsanlara sevgi, hörmət və mərhəmət hissi ilə yanaşaq. Çunki bu dünyanı yalnız sevgi xilas edəcək. Bu yolda övladlarımızı da gələcəyə sağlam ruh və sağlam düşüncə ilə böyüdək. Çunki bizim gələcəyimiz o şagirdlərin əlindədir. Gələcəyimizi qoruyaq və sevək.
Əlaqə nömrəsi: (077) 251 17 46