Azərbaycan vətəndaşları Gürcüstana PCR testi ilə səfər edə biləcəklər
Gürcüstan hökuməti Azərbaycandan hava yolu ilə ziyarətçilərin qəbulu qaydalarının sadələşdirilməsi barədə yeni qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili məlumat verib. Baş nazir bildirib ki, martın 1-dən etibarən Azərbaycan vətəndaşları neqativ cavablı PCR testi ilə hava yolu ilə Gürcüstana daxil ola biləcəklər. Baş nazir qeyd edib ki, qaydalar Azərbaycanla yanaşı Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarusa da aid ediləcək.
Onun sözlərinə görə Azərbaycan, Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarının Gürcüstana hava yolu ilə daxil olmaları sadələşdiriləcək. Baş nazir qeyd edib ki, ölkənin quru sərhəd keçid məntəqələrində cari rejim saxlanılacaq.
Qeyd edək ki, daha əvvəlki qaydalara əsasən Azərbaycan vətəndaşları yeni növ koronavirus əleyhinə hər iki doza peyvəndin vurulmasını göstərən sənəd təqdim etməli idilər.