Bakı-İstanbul liseyinin rəhbər işçisi Nigar Səfərli: "Müəllim hər bir şagirdinin ruhuna toxunmağı bacarmalıdır"

- Nigar xanım, nəcə oldu ki, bu sahəyə gəldiniz?
- Gənc nəsillə işləməyi, onlara nələrisə öyrətməyi çox sevirəm və onda özümü xoşbəxt hiss edirəm. Məncə, müəllimlik sonradan qazanılan, diplomla əldə olunan peşə deyil, insan dünyaya müəllim olaraq gəlməlidir. Müəllimlik bir incəsənətdir və o, hər bir şagirdinin qəlbinə, ruhuna toxunmağı bacarmalıdır.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2015-ci ildən bəri bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hal-hazırda Baki-İstabul liseyində rəhbər vəzifədə çalışıram. Eyni zamanda pilot sinfin sinif rəhbəriyəm. Sinif xüsusi seçilmiş şagirdlərdən ibarətdir və biz onları beynəlxalq olimpiadalara və respublika fənn müsabiqələrinə hazırlayırıq. Sinfimi motivasiya etmək üçün onlara müxtəlif şirkətlərə, universitetlərə ekskursiyalar, təlimlər təşkil edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Birinci növbədə disiplin. Uğura aparan yol disiplindən keçir. Təhsildə sevgi, hörmət və disiplin hamısı bir arada olmalıdır. Əks təqdirdə, heç bir keyfiyyətdən danışmaq olmaz.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Birinci, mütəxəssis deyiləm (gülür). Bu söz çox böyük səslənir. Əgər sadəcə sıradan bir təhsil işçisi olaraq fikrimi soruşursunuzsa, onu deyim ki, təhsildə rüşvətə qətiyyən yox deyirəm. Rüşvət alan müəllim və ya rəhbər işçi digər müəllimlərə və şagirdlərinə necə nümunə ola bilər?
- Son zamanlarda sizə daha çox ne ile bağlı müraciətlər olur?
- Mən həm də YÖS Klubu Türkiyədə Təhsil Mərkəzinin təsisçisi və direktoruyam. Artıq 10 ildir ki, bu sahədə çalışıram və müraciətlər bununla bağlı olur.
- Xarakter olaraq necə birisiniz?
- Uzaqdan sərt, yaxından mülayim (gülür). Ədalətli, düzgün və vicdanlı olmaq mənim həyat və iş prinsipimdir.
- Ailəlisinizmi?
- Bəli, Sultan və Fateh adında əkiz övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Dünyada ən asan iş məsləhət verməkdir (gülür). Kimsə öz davranışı, xarakteri, işi ilə başqalarından yaxşı mənada seçilə bilər, digərləri də bunu görüb faydalana bilərlər. Bu daha doğrudur, nəinki sözlə məsləhət vermək.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikiri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, işimdən bu qədər zövq alam. Məncə, hər kəs sevdiyi işlə məşğul olmalıdır. O zaman insan həm özünə, həm də işinə daha çox faydalı olur. Günümün böyük bir hissəsini liseydə keçirirəm. Məni heç bir qüvvə buna vadar edə bilməzdi. Amma işimə və şagirdlərimə olan sonsuz sevgim hər bir çətinliyə qalib gəlməyimə yardımçı olur.