Məişət zorakılığına məruz qalanların 22%-i intihara cəhd edib
Məişət zorakılığına məruz qalanların hamısı onun müxtəlif formalarda özünü biruzə verən təsirləri ilə qarşılaşır.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Məişət zorakılığının ayrı-ayrı fərdlərə (fərdlər qrupuna) münasibətdə fiziki və psixoloji təsirləri ilə yanaşı, bütövlükdə cəmiyyət üçün mənfi nəticələr doğuran sosial təsirləri də var. Araşdırma zamanı rəyi soruşulanların 74%-i müxtəlif bədən xəsarətləri (zədələr, yırtıq, çapıq, dişlərin tökülməsi, sınıq və s.) aldığını, 54%-i yuxusunun pozulduğunu və onda qorxu hissi yarandığını, 34%-i depressiyaya düşdüyünü və özünəinamsızlıq yarandığını, 33%-i özünə qapandığını, 26%-i özündə sosial fobiya hiss etdiyini, 22%-i intihara cəhd etdiyini bildirib. Məişət zorakılığına məruz qalanların 97%-i eyni zamanda bir neçə təsirə məruz qaldığını bildirib. Araşdırmanın məişət zorakılığının fəsadları ilə bağlı nəticələri qurbanların təxminən beşdə birinin (22%) intihara cəhd etdiyini göstərir. Bu, kifayət qədər böyük rəqəmdir və son dövrlərdə baş verən intihar hallarının artması ciddi narahatlıq doğurur.