Kurikulum üzrə təlimçi Sevinc Məmmədova: "İş prinsipim yalnız və yalnız irəli getməkdir"

- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən univeristet oxuduğum zamanda kurikulum ilk dəfə keçirilməyə başlanıldı və bu sanki mənim illərdir axtardığım, demək istədiklərimi ehtiva edirdi. Maraqlısı da bu idi ki, ilk dəfə keçirilməsinə baxmayaraq hər şeyi çox tez qavramağım, cavablarım hər kəsi düşündürürdü. Anlaya da bilmirdilər. Sonra magistrı öz şəxsi istəyimlə metodika üzrə oxudum. Təbii ki, burda davamlı konfranslarda, seminarlarda oldum. Bir çox jurnallarda tezis və məqalələrim dərc olundu. Özümü daha da inkişaf etdirdim. Birinci semestrı bitirərkən artıq dissertasiyam da hazır idi. Günüm kitabxanalarda keçirdi, tərcümələrlə araşdırma edirdim. IV kursdan da ilk dəfə şifahi imtahana girdim və 100 balla keçdim. Sonradan özəl kurslarda fəaliyyət göstərməyə başladım. Beləliklə, IV kursdan bu günə kimi fəaliyyətimi davam etdirirəm. Magistraturanı qırmızı diplomla bitirdim. Araşdırmalara başladım. Bir çox Azərbaycanda təhsilində olmayan amma təhsilin keyfiyyətini yüksəldəcək və müəllimlərin peşəkarlıq səviyyələrini artıracaq yazılar yazdım. Lakin bunları dəyərləndirən olmadığından, təəssüf ki, işıq üzü görmədilər. Son zamanlar isə məqalələr yazır, youtube platforması üzərindən Azərbaycan təhsilində ilklərə imza atıram və araşdırmalarımı ictimaiyyətə təqdim edirəm. Ümid edirəm ki, bu böyük uğurdur və dəyərləndiriləcəkdir.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Mən bu sahədə artıq 10 ildir fəaliyyət göstərirəm. Elə bir dövrə gəlmişik ki, burda universitetlərin, diplomların, sertifikatların heç bir əhəmiyyəti yoxdur. Artıq insan özünü ortaya qoymalıdır. Daim inkişafda olmalıdır. Düşünürəm ki, mən bu cəhətdən araşdırmalarımla uğurlu addımlar atıram.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə çoxlu araşdırmalar edirəm. Hansı ki, müəllimlərin kurikulumu daha dərindən qavraması, şagirdlərlə daha uğurlu münasibətlərin qurulması, təhsilin keyfiyyətinin, müəllimlərin peşəkarlığının və xüsusən praktiki cəhətdən uğurlu iş təşkil etməsi üçün araşdırmalar edib təqdim edirəm. Məsələn, "Sinif qaydaları nümunələri" , "Pozitiv sinif mühiti" , "Effektiv müzakirələrin təşkil edilməsi", "Şagird motivasiyası və motivasiya artırmaq strategiyaları", "QAİT", "İnkluziv təhsil haqqında hər şey", bundan əlavə yeni tip situasiya sualları, yeni strategiyalar və s.
Bundan əlavə, müəllimlərin işə qəbulu və sertifikasiyası müsahibə mərhələsində tam təmənnasız şəkildə. onlara dəstək olmuşam. Xüsusən yeganə təlimçi olmuşam ki, "dinləyib-anlama, yazı bacarığı, oxu bacarığı, layihə, onların qiymətləndirilməsi" və s kimi mövzularda izahat vermişəm və videolar paylaşmışam. "10 sual-10 cavab" rubrikası təşkil etmişəm və konspekt və ehtimal olunan cavablar adlı qısa videolar çəkərək Azərbaycanda ilkə imza atmışam.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim vicdanla və əqidəmə doğru davamlı irəli. Nə olursa olsun, kimlərlə qarşılaşsam da, nə qədər uğursuzluğa düçar olsam da, dəyərləndirilməsəm də hər zaman irəli...
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq insanları, xüsusən, təlimçiləri vicdanla işləməyə dəvət edirəm. Reklam çox önəmlidir. Reklamı yaxşı olub, çoxlu müdavimi olan təlimçilər var amma düşünürəm ki, həqiqətən bilmədikləri haqqında danışaraq bu ağır məsuliyyəti öz üzərlərində götürməsinlər. Çünki yanlış məlumatlar müəllimlərin şagirdləri yanlış yönləndirməsinə və iş həyatında çətinliklərlə üzləşməsinə səbəb olur zənnimcə, bu sahə elə bir sahədir ki, iş sənədləri və düzgün yanaşmanı, dərsi necə izah etməkdən tutmuş şagird nailiyyətlərinə qədər hər şeyi özündə ehtiva edir. Ona görə də bunu pul qazanmaq üçün bir yol kimi görməyə deyil, vicdanla çalışmağa dəvət edərdim.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq necə biri olduğunu söyləmək, bəlkə də təkəbbürlük olar. Amma onu deyə bilərəm ki, istər kurikulumdan, istər Azərbaycan dili və ədəbiyyatdan ödənişsiz dərslər keçib illərlə əlimdən gələni dəstəyi göstərmişəm. Allahın izni ilə göstərəcəyəm də. Bu yolda kimsə mənə kömək etmədi. Kimsə bunu seçmir. Tək ümidim və sığındığım Allahdır. Sadəcə onu deyə bilərəm ki, yalanı sevmirəm. Yalan danışan insan kimliyindən asılı olmayaraq gözümdən düşür və mən artıq o insana qəti şəkildə güvənə bilmirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nəəsləhət görürsünüz?
- Oxuculara onu məsləhət görə bilərəm ki, dövr dəyişib artıq kimsə diplom aldım bu qədər deməsin. Çünki indi sizdən tələb olunan "Siz bizə nə verəcəksiniz?", "Sizdə fərqli olan nədir?", "Hamıda olmayıb sizdə olan nədir?" Yəni ortaya konkret olaraq yenilik qoymaq. Ona görə bir sahədə tam təkmilləşdirsinlər özlərini, həqiqətən o sahə üzrə bütün biliklərə yiyələnsinlər və daima inkişafda, axtarışda olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər əziyyətim, zəhmətim dəyərləndirilməsin. Tam səmimi deyirəm. Çünki bu gün bizim güvənilir, araşdırmaçı, tədqiqatçı, öz üzərində işləyən, özün inkişaf etdirən, Yumşaq bacarıqlara sahib gənclərə ehtiyacımız var. Bu keyfiyyətlərə sahib olmaq üçün hər zaman üzərimdə işləmişəm, nəticəsiz qalması bəzən məni ümidsiz etsə də, düşünürəm ki, nə olursa olsun əqidəmdən dönməyəcəm və bir gün mütləq uğur qazanacam.
Facebook: Məmmədova Sevinc
İnstagram: Methodist_sevinc
Youtube kanalı: Məmmədova Sevinc
Əlaqə nömrəsi: (051) 771 70 72