Psixoloq/ Şüuraltı üzrə mütəxəssis Fidan Qəhrəmanova: "Axtardığınız bütün cavablar, möcüzələr daxilinizdədir"

- Fidan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində, uşaqlıqdan hər zaman hüquqşünas olmaq istəyirdim. O zamanlar düşünürdüm ki, insanların haqqını müdafiə edə bilmək üçün, yalnız hüquqşünas olmalıyam. Sonra həyat mənə öz sınaqları və təcrübələri ilə daha dərindən öyrətdi ki: İnsanların mənəvi, şüurlu haqq yollarını müdafiə edə bilməyim üçün məhz indiki sahədə olmalıyam.
Beləcə, mən Bakı Dövlət Universiteti, Psixologiya (Sosial Elmlər və Psixologiya) fakültəsinə qəbul oldum. Elə ilk vaxtlardan etibarən olduğum yerə və peşəyə aid sorğularım başladı. Bu axtarışlar mənim şəxsi inkişafımda və kariyeramda: İnsan, onun dünyagörüşü, mənəvi hissləri, psixikası, ruh və bunun kimi bir çox mövzularla bağlı açar rolunu oynadı. Həmin açarlar ilə doğru zamanda, doğru qapıları açaraq, şansı və uğuru yaratmağa nail oldum.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 2019-cu ildən Psixologiya üzrə elmi-nəzəri biliklər əldə etməklə yanaşı, həm də praktik təcrübələr əldə etməyə başlamışam. 2021-ci ildən etibarən rəsmi şəkildə iş fəaliyyətimi davam etdirirəm. Həm psixoloq, həm də şüuraltı üzrə mütəxəssis olaraq fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- İnsanlara həm psixoloji yardım, həm də şüuraltı seanslar edirik. Hər kəsin probleminə individual yanaşaraq, onlara uyğun seans növləri, saatları təyin olunur. Özgüvən, özdəyər mövzuları, şəxsi münasibətlərində (ikili münasibət, ailədaxili münasibətlərdə), eyni zamanda, iş-kariyera ilə bağlı hədəflərinə çatmaqda problemlər yaşayan insanlar,
O cümlədən, Depressiya, daxili aqressiya, stress, OKP (Obsessiv Kompulsiv Pozuntu) və digər problemləri olan insanlarla terapiyalar aparılır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ailədaxili problemlər yaşayan, bir çox hallarda xəyanət ilə üzləşən xanımların müraciəti daha çox olur. Bununla yanaşı, hal-hazırda həyat fəailiyyətlərini məhdudlaşdıran: Keçmişdə itki (ölüm) və ya ayrılıq sonrası travmaları olan insanların müraciətlərini də qeyd etmək istərdim.
- Bir mütəxəssis olaraq nəyə, “yox", deyirsiniz?
- Məncə, bir mütəxəssis ilk növbədə, yüksək mənəvi və şəxsi keyfiyyətlərə sahib olmalıdır. Necə deyərlər, Öz yaralarına məlhəm olmağı bacarmalıdır ki, digərlərinə də xeyiri ola bilsin.
Məxfiliyi qorumağı bacarmalı və ən əsası insanları qınamamalıdır. Öz sərhədlərini doğru müəyyən etməlidir.
Ümumiyyətlə, sərhədləri müəyyən olmayan, normalara uyğun olmayan, daxilində empatiya olmayan hər bir hadisəyə, vəziyyətə, mütəxəssisə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- İnanmaq bacarmağın yarısıdır deyiblər. Amma siz bunu unudun. Çünki inanmaq- elə bacarmağın özüdür.
Nəyə inandığınızı doğru seçin və sadəcə addımlayın. Axtardığınız hər şey: bütün cavablar, möcüzələr daxilinizdədir, bunu unutmayın..
- “Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. “ Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, Ruhuma bu qədər həmdəm olsun (gülür).
Əlaqə nömrəsi: (070) 761 96 96