Bu il 1300-dək məhkuma hüquqi yardım göstərilib
Bu ilin 9 ayı ərzində Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri penitensiar müəssisələrə başçəkmələr edərək 1300-dək məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstəriblər.
Bunu Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə monitorinq hesabatı ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, İctimai Şuranın üzvləri qulluğa qəbul prosesində, kollegiya, apellyasiya şurasının iclaslarında, şərti azad etmə institutunun tətbiqində, əfv və amnistiya aktlarının icrasında, hüquqi maarifləndirmə tədbirlərində (açıq qapı, brifinq, ictimai müzakirə, media-tur və s.) çox yaxından iştirak edirlər.