Valideyn-Müəllim Assosiasiyasına alternativ qurum yaradılacaq
"Valideyn-Müəllim Assosiasiyası ilə bağlı problemlər artıq bir müddətdir ki, gündəmdədir".
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, yaxın gələcəkdə Valideyn-Müəllim Assosiasiyasına alternativ idarəetmə qurumunun yaradılması nəzərdə tutulur: "Bu qurum məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Qurumun fəaliyyətinə məktəb, məktəb müdiriyyəti, müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllülüyü əsasında fəaliyyət göstərir. Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması fikri müzakirə olunur. Bununla əlaqədar maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq".