Polis zibilliyə atılan qız uşağının valideynlərini AXTARIR
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda zibil qutusuna atılan yeni doğulmuş körpə ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
E.Zahidov qeyd edib ki, körpə iyulun 6-da saat 6 radələrində Sumqayıt şəhərindəki “Yaşıldərə” adlanan yaşayış sahəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutuda tapılıb:
“Sellafon torba içərisində yeni doğulmuş uşaq aşkar edilərək götürülüb. Körpə şəhərdəki 1 saylı Doğum evinə təhvil verilib”.
DİN rəsmisinin sözlərinə görə, hazırda Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən uşağın valideynlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Doğum evindən Modern.az-a verilən məlumata görə, yeni doğulmuş qız uşağının vəziyyəti kafidir.