Qazaxıstan və Azərbaycan şəhərləri əməkdaşlıq memorandumu imzalayacaq
Gəncə və Qazaxıstanın Şımkent şəhərləri arasında əməkdaşlıq memorandumunun imzalanması gözlənilir.
Bunu Şımkent şəhərinin Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbəri Bahadur Narımbetov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan xalqları qardaş xalqlardır və ümumi mədəniyyət və ənənələrə malikdir.
"Mən Bakı və Şımkent şəhərləri arasında əməkdaşlığın inkişafı üçün böyük potensial görürəm. İndi həm də Şımkentlə Gəncə arasında əməkdaşlıq memorandumunun imzalanmasına hazırlıq aparılır. Bu cür əməkdaşlıq ölkələr arasında təkcə iqtisadi münasibətləri deyil, xalqlar arasında münasibətləri yaxınlaşdıracaq. Bundan başqa, ali məktəblər arasında memorandumların imzalanması həm Azərbaycanda, həm də Qazaxıstanda təhsilin inkişafına xidmət edəcək", - deyə o bildirib.