Defektoloq-loqoped Gülnar Emiraslanova nitq ləngiməsindən danışdı
Müxtəlif səbəblərdən nitq inkişafında ləngiməsi olan uşaqların sayı daha da çoxalır. Ancaq nitqdə ləngimə vaxtında aşkar edilərsə və aradan qaldırılarsa, bu o qədər ciddi problemə çevrilməz. Bu məsələdə məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür; onlar narahatlığı hiss etməli, uşağı müayinələrə aparmalı və onun üçün ən yaxşı həkimləri seçməlidirlər. Nitq inkişafındakı geriləmə vaxtında düzəlməsə, uşaq böyüdükcə onun psixikasında da geriləmə müşahidə olunacaq, məktəbdə oxumaq və yaşıdları ilə ünsiyyət qurmaq onun üçün son dərəcə çətin olacaq.
Son iki onillikdə uşaqların psixo-emosional inkişafında müəyyən edilmiş dəyişikliklərin statistikası on qat artmışdır. Nitqin inkişafında gecikmə təfəkkürün inkişafına mane olur (psixi-nitq inkişafın ləngiməsi yaranır) və əksinə anadangəlmə zehni və nevroloji xəstəliklər nitqin inkişaf etməməsinə səbəb olur.
Təəssüf ki, son dövrlər uşaqlarda psixi və nitq ləngimələrə aktiv şəkildə rast gəlinir. Nitq qüsurlarının səbəbləri müxtəlif olur. Psixo-nitq inkişafı ləngiməsi anadangəlmə amillərdən qaynaqlanırsa uşağın erkən yaşlarında özünü göstərməyə başlaya bilər. Bəzi hallarda danışmada olan ləngimə genetik, yaxud uşağın sağlamlığı ilə bağlı olur. Nitq ləngiməsi tamamilə sağlam uşaqlarda da müşayiət olunur və bəzi hallarda isə bunun çox ciddi səbəbləri ortaya çıxır.
Körpə dünyaya gəldiyi ilk günlərdən nitqinin inkişafı ilə məşğul olmağa başlamaq lazımdır. Öncə körpənin necə ağladığına diqqət etməlisiniz. Uşaq ağlamağı ilə fikrini bildirir, ünsiyyət qurur, nəyə ehtiyacı olduğunu çatdırır. Uşaq ilk aylığında daha ifadəli ağlayır və o hər şeyi intonasiya baxımından düzgün edirsə, diqqətli bir ana fərqi anlayır və bu istəklərə cavab verməyi tez öyrənir. Körpə monoton, yəni eyni səviyyədə ağlayırsa və səsə yaxşı cavab vermirsə, həkimə müraciət etmək lazımdır. 4 ayında uşaq valideynlərin sözlərinə və jestlərinə cavab vermirsə, 1 yaşında çox sakitdir və səs çıxarmırsa, 1.5 yaşında sadə sözlər (“ana”, “ver”, “gəl”) demir və onları anlamırsa, bu, nitq ləngiməsinin əlamətlərinin göstəriciləridir.
Əgər bir uşağın nitqi 4 yaşında açılırsa, burda ləngimə müşahidə olunur və mütləq psixoloji ləngimə də araşdırılmalıdır.
Nitqin inkişafında gecikmə təfəkkürün inkişafına mane olur. Nitqin inkişafına anadangəlmə zehni və nevroloji xəstəliklərin olması ciddi təsir edən səbəblərdən biridir. Psixi-nitq inkişafın ləngiməsi diaqnozu 5 yaşdan yuxarı uşaqlarda daha çox qoyulur. Çünki uşaq məhz bu yaşda fəal ünsiyyət qurmağa başlayır, ancaq uşaq ünsiyyətə girmədikdə valideynlər narahat olmağa başlayırlar.
Tədqiqatlar göstərir ki, uşaqlar 1 yaşında 10-12, 1-1,5 yaş dövründə 15-20, 2 yaşında isə 200-ə yaxın söz ehtiyatına sahib olur. 3-4 yaş arasında isə uşaqlar 400-500 söz bilməli, nəhayət, 5 yaşında nitqləri tam formalaşaraq məktəbə hazır olmalıdırlar.
Bəzən uşağın yaş göstəricisinə baxmayaraq, nitqinin inkişafı, aktiv lüğətində olan sözlərin sayı, çoxhecalı sözləri birləşdirmə və cümlə quraraq danışmaq bacarıqları yaş göstəricisi ilə uyğunlaşmır. Paralel şəkildə uşaqda anlama və qavrama, analiz etmə prosesində olan çətinliklər nitq inkişafının gedişatına da öz mənfi təsirini göstərir.
Əlaqə nömrəsi: (70) 737 72 22
Instagram: gulnar_amiraslanova_