Life coach Alya İsmayılova ailə münasibətlərindən danışdı
Cütlüklər arasında münasibətlərin tənzimləməsi bir neçə bənddən ibarətdir. İlk növbədə, cütlüklər arasında maraqlar bir-birinə yaxın olmalıdır. Ortaq maraqlar gələcəkdə qurulan ailə bağlarını da möhkəm edən təməl xüsusiyyətlərdəndir. İkinci məsələ yaş məsələsidir. Tibbi olaraq kişilərin fizioloji yaşı qadınlardan bir neçə yaş böyük olması məqsədəuyğun olsa da bu, hər zaman işə yaramır. Çünki hər bir fərdin psixoloji vəziyyəti, emosional və intellektual yaşları fərqli olur. Məsələn, iki 30 yaşlı insanın zəka yaşını yoxlasaq, birinin 20, digərinin 40 yaşında olduğunu görə bilərik. Ona görə, bəzən fərdlər arasında 10 yaş fərq olsa belə onların intellektual (İQ) və emosional (EQ) yaşlarını yoxlayanda eynilik olduğunu görə bilərik. Bütün bunlar ailə qurmadan öncə psixoloji testlərdən keçmənin zərurətini meydana çıxarır .
Üçüncü məsələ qarşılıqlı hörmət və anlaşmadır, "sevgi, eşq bədənin kimyası ilə əlaqədar olan bir şeydir", zamanla azala bilir. Əgər o müddət ərzində tərəflər arasında qarşılıqlı anlaşma və hörmət olmursa, bu münasibət də uzun sürmür.
Münasibətlərdə daha çox rol kimin üzərinə düşür demək doğru deyil, çünki bu bölgü bərabər, müştərək olmalıdır. Empati duyğusu, güzəştə getmə bacarığı hər iki tərəfdə eyni olmasa, bir tərəfin digər tərəf üzərində hegemonluğu və ya əksi aslılığı baş verəcək. Bu da zamanla münasibətlərin korlanmasına səbəb olacaq. Əvvəllər güzəşt etməyi qadınlardan çox tələb edirdilər. Cəmiyyət, xüsusi ilə son 10 ildə mürəkkəbləşdiyindən indi çalışmaq lazımdır ki, münasibətlərdə qadın və kişi bir-birini ahəngdar şəkildə tamamlasın.
Münasibətlərdə gərginliyə yuxarıda qeyd etdiyim məsələlərdə balansın pozulması səbəb olur. Əlbəttə, onunla yanaşı sosial faktorlar da var ki, bunlardan ən başlıcası maddiyyatdir. Ona görə maddi durumunuz ailə qurmağa imkan vermirsə, ailə qurmayın. Bu həm sizə, həm də gələcəkdə övladlarınıza problem yaradacaq. Bir nüansı da qeyd edim ki, bizim cəmiyyətdə qadının maddi baxımdan kişidən aslılığı üstünlük təşkil edir. Bu da çox yalnışdır. Qadınların kişilərdən ayrı öz şəxsi gəlirləri olduqda və hər şeyi qarşı tərəfdən gözləmədikdə və yaxud ailədə ortaq hesabdan istifadə edildikdə daha möhkəm və uzun müddətli münasibətlər yaranır.
Son zamanlarda rast gəldiyim problemlərdən biri də ailəyə kənar müdaxilələrin olmasıdır. Bu da təəssüf ki, bizim cəmiyyətin yaralı yeridir. Belə müdaxilələrin kəsinliklə əleyhinəyəm. Ümumiyyətlə, bizdə hətta ailə qurarkən də gənclərə çox müdaxilələr olur. Bu da gələcəkdə boşanmalara, bədbəxt ailələrə, bəzən də ölümlərə səbəb olur. Hər bir insanın öz düşüncəsi və seçim haqqı var. Övladlarınızı bundan məhrum etməyin!
Ailədəki münasibətlərdə mənəvi dəyərlərin rolu böyükdür. Təcrübələr göstərir ki, mənəvi dəyərləri qoruyan ailələrdə öz- özünü ahəngdar tənzimləmə olur. Bu dəyərlərin sıxışdırılıb arxa plana keçdiyi ailələrdə qarşıdurma və xoşagəlməz münasibətlər daha çox olur. Ailə kiçik dövlətdir, onun təməli sevgi, qarşılıqlı anlaşma, hörmət, mənəvi dəyərlər əsasında qoyulduqda münasibətlər daha uzun ömürlü olur. Cəmiyyətimizdə xoşbəxt və sevgi dolu ailələrin çox olmasını diləyirəm.
Bir də bu bu işin ruhsal və spiritual boyutu var. Kainatda hər şey enerjidir və titrəşimlərdən ibarətdir, insan daxil olmaqla. Biz hansı frekansdayıqsa, ətrafımızda o frekansda insanlar olacaq və kvantum aləmdə düşüncələrimizlə həyatımıza istədiklərimizi çəkmək gücünə malikik. Ona görə də özünüzü yalnış düsuncələrdən, yalnış kök inanclardan, mənfi enerjilərdən uzaqlaşdırıb, pozitivə köklənin. O zaman istədiyiniz həyatı yaşayacaqsınız. İşığınız, sevginiz, xoşbəxtliyiniz bol olsun!
Əlaqə nömrəsi: (070) 384 34 28