Həkim psixoterapevt Lətifə Cavadlı insanların psixoloji ehtiyaclarından danışdı
İnsanların psixoloji ehtiyacları nələrdir?
İnsanın varoluşunun özü ilə gətirdiyi və ödənilmədikdə həyatımızın gedişatına böyük təsirlər göstərən ehtiyaclarımız var. Ehtiyac dedikdə insanların ağlına ilk gələn yemək, yatmaq, istirahət etmək, geyim kimi fiziki ehtiyaclardır. Ancaq ehtiyaclarımız bununla bitmir. Bir insan olaraq fiziki ehtiyaclarımız olduğu kimi, psixoloji ehtiyaclarımız da var. Ümumiyyətlə, insanın mental sağlığı deyilən anlayışa yalnız psixoloji deyil, emosional, sosial ehtiyacları da aid edilir və bunların içərisində sevmək, sevilmək, dəyər, hörmət görmək, sərbəst qərar qəbul etmək, bacarıq, güc və nailiyyət istəkləri yer alır. Bunlar bizim psixoloji ehtiyaclarımızdır.
Bu ehtiyacların qarşılanması vacibdirmi?
Dr.Rik Hanson “ Beynin xoşbəxtlik parametrləri” kitabında deyir:
“ Psixoloji ehtiyacları ödəməmək tək qida mənbəyi olaraq şorbadan istifadəyə bənzəyir. Sən sağ qalacaqsan, amma özünü tam doymuş kimi hiss etməyəcəksən”
Bunu belə izah edək ki, yalnız fiziki sağlamlığımıza əhəmiyyət vermək həyatımızı xoşbəxt yaşamağımız üçün kifayət deyil. Ruhumuzun sağlamlığı da önəmlidir. Fiziki ehtiyaclar fizioloji sağlamlığımızı qoruduğu kimi psixoloji ehtiyaclar da ruhi sağlamlığımızı qoruyur. Əslində biz bunu tam anlamasaq da həyatımızın hər anında bu ehtiyaclarımızı ödəmək üçün müəyyən addımlar atırıq. məsələn yeni insanlarla tanış olmağa, yeni dostluqlar qurmağa, ailə həyatımızda sevməyə və sevilməyə, cəmiyyətdə daxil olduğumuz sosial qruplarda təqdir olunmağa və öz xarakterimizlə hörmət qazanmağa çalışırıq. Bunları təmin edə bildiyimiz dərəcədə xoşbəxt oluruq.
Hər insanın psixoloji ehtiyaclara eyni dərəcədə mi tələbatı var ?
Əlbəttə ki, xeyr. İnsanların xarakteri fərqli olduğu kimi, istəkləri, arzuları, onları xoşbəxt hiss etdirəcək ehtiyaclar da fərqlidir. Maslovun ehtiyaclar piramidasında insanın ümumi ehtiyaclarının təməl sıralaması qeyd olunsada bu piramida da hər şəxs üçün individual olaraq dəyişə bilir. Məsələn bəziləri sevgini, özünə hörmətdən bir pillə yuxarıda görsə də, bəziləri üçün bunun tam tərsi keçərlidir. Bütün insanların sevilməyə ehtiyacı var, amma bütün insanların ünsiyyətə eyni dərəcədə ehtiyacı yoxdur: bəziləri yeni insanlar tanımağı mühitlər kəşf etməyi və diqqət mərkəzində olmağı sevir, digər qrup insanlar isə sakitçilikdə və daha çox yaxın çevrəsində rahatlıq tapır. Bir qrup insanların ən önəmli psixoloji ehtiyacı sevgi, güvəndə olmaqdırsa bir qrupunun ən önəmli ehtiyacı güc, nailiyyət, bir digərinin əyləncə, maraq bir digərinin isə mübahisələrdən uzaq həyatının olmasıdır. Deməli xarakterlər fərqli olduğu kimi mənəvi tələbatlar da fərqlidir.
Öz ehtiyaclarımızı necə tapa bilərik və ya özümüzü necə tanıya bilərik ?
İlk öncə sizin üçün vacib olan, həyatda özünüzü xoşbəxt hiss etdirəcək istəklərinizi və ehtiyaclarınızı tapmağınızdır. Sonra isə bu ehtiyacları təmin etmək üçün addımlar atmağa başlayırsız. Çünki insan həyatda nə istədiyini və nəyin onun üçün daha önəmli, nəyin daha az ehtiyac duyulan olduğunu müəyyən etməsə ümumi həyat gedişatında da çətinliklərlə üzləşər. İnanın ki atdığınız hər addım sizi xoşbəxtliyə aparan bir vasitə olacaq.
Sizin üçün daha vacib olan nüansları təyin etmək üçün özünüzə bu sualları verə bilərsiniz:
-Nə istəyirəm?
-Nələri etməkdən zövq alıram?
-Xüsusi olaraq etdiyim nələr var?
-Daha fərqli nələr edə bilərəm?
-Inkişaf edə bilmək üçün nələr etməliyəm?
-Məşğul olduğum zaman məni xöşbəxt hiss etdirən hansı bacarıqlarım və hobbilərim var?
Çünki, həyat bizim istəklərimiz, arzularımız və əldə etdiklərimiz arasındaki əlaqədən ibarətdir. Bu əlaqəni nə qədər çox təmin edə bilsək bir o qədər çox xoşbəxt olacağıq.
Psixoloji ehtiyaclar qarşılanmasa hansı problemlər yaranar?
Sevgi görməyən bir insan qarşısındaki insana da sevgisini necə göstərməyi, yeni əlaqələr qurmağı, insanlar içərisində özünə bir yer tapmaqda çətinlik çəkir. Sevilməyən insan həyatı boyu sevgiyə layiq olmadığını fikirləşir. Bu insanda dəyərsizlik duyğusu və aşağı özgüvən formalaşa bilir. Sevgi görməyən insanlar başqa insandan sevgi görməyə başladığı zaman da bu sevgiyə inanmır və ürəyində daim bir şübhə və tərk edilmə qorxusu gəzdirir. Bəzən onları həqiqətən sevən və dəyər verən insanların sevgisinə güvənib, inanmadıqlarından qarşılarındakı insana da güvənsizlik ötürürlər beləliklə bəlkə də çox gözəl şəkildə formalaşa biləcək münasibətləri bu kimi problemlərdən dolayı məhv ola bilir. Bu kimi hallarda bu şəxslərin həyata və insanlara qarşı içində bir kin və qəzəb duyğusu formalaşa bilir. Təbii ki bunlar hamısı depressiya, stress, nevroz kimi psixoloji problemlərə gətirib çıxara bilir. Məhz buna görə də təməl ehtiyaclarımızı ilk öncə qarşılasaq da, psixoloji ehtiyaclarımızı təxirə salmamalıyıq. Çünki cismimizi qidalandırmaqla məşğul olduğumuz zaman bəzən ruhumuzun da qidaya ehtiyacı olduğunu unuduruq. Heç bir zaman ruhumuzu aç qoymamağımız diləyi ilə.
Əlaqə nömrəsi: (055)7693799