İnfarktın ƏLAMƏTLƏRİ - Sinə ağrısı, göynəmə...
Miokard infarktının ən çox görülən simptomu sinədə ağrı şikayətidir. Ağrı əsasən döş sümüyü arxasında yaranıb, çiyinə, qollara, ənsə, çənə nahiyələrinə, dişlərə, qarın və kürək bölgələrinə yayılır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev bildirib.
F.Əliyev qeyd edib ki, bəzən ağrı bu bölgələrdən sadəcə birində hiss edilir və 20 dəqiqədən daha uzun müddət davam edir:
“Ağrı şiddətli (göynədici, yandırıcı) və ya küt xarakterli, sıxıcı, ağırlıq, basqı hissi şəklində ola bilər. Ağrılar bəzən epiqastral nahiyədə olduğundan diqqətdən qaçmamalıdır.
Bundan əlavə, aşağıdakı simptomlara da sıx rast gəlinir: başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, təngnəfəslik və tərləmə, soyuq tər hissi və s.”.
Həkim infarkt simptomunu hiss edən şəxslərin ilkin olaraq nə edəcəklərinə də aydınlıq gətirib:
“Kəskin miokard infarktı zamanı optimal müalicə xəstənin erkən zamanda koronar müdaxilənin icra edilə biləcəyi mərkəzə çatdırılması nəticəsində mümkündür. İnfarkt simptomlarını hiss edən şəxs ilk olaraq dərhal təcili tibbi yardıma məlumat verməlidir. Erkən zamanda təcili yardımla invaziv müdaxilənin (ürəyin koronar (tac) damar açılması proseduru) icra edilə bildiyi mərkəzə çatdırılmalıdır.
İnfarktdan sonra fiziki fəaliyyətin dozası üçün xüsusi proqramlar var. Təhlükəsiz fiziki fəaliyyət növləri və onların intensivliyi ilə bağlı kardioloqla məsləhətləşməniz tövsiyə olunur. Yüksək intensivlikli müqavimət məşqlərindən (ağırlıq qaldırma), günün soyuq saatlarında və yeməkdən sonra idmanla məşğul olma ürəyə əlavə yükdür. Bundan əlavə, miokard infarktından sonra bərpa dövründə bir sıra tənəffüs məşqlərini yerinə yetirmək tövsiyə olunur”.