Dələduzluqla üzləşən vətəndaşın evi əlindən alınıb-Aidiyyatı üzrə dövlət qurumları isə dələduzu müdafiə edirlər-Şikayət
Bakı şəhəri Xətai rayon sakini Pənahov Əli Rasim oğlu dələduz şəbəkənin qanunsuz əməllərinə məruz qalaraq halal pulu ilə aldığı mənzildəm mərhum olub.Bir neçə ildir ki,aidiyyatı üzrə dövlət qurumlarının baş verənlərə laqeyd və məsuliyyətsiz yanaşması vətəndaşı acınacaqlı duruma salıb.Vəziyyət o həddə çatıb ki,haqsızlığa məruz qalan vətəndaş ölkə başçısından kömək istəmək məcburiyyətində qalıb.Şikayət ərizəsini qısa ixtisarlarla oxucularımızın və hüquq-mühafizə orqanlarının diqqətinə çatdırırıq:
"Məlumat üçün bildirirəm ki, 19.02.2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 80, giriş B, 66 nömrəli mənzili 120.700 (yüz iyirmi min yeddi yüz) manata Hacıyev Vasif Əkrəm oğlundan satın almışdım və mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 22.02.2018-ci il tarixli, 11180115368 qeydiyyat nömrəli mülkiyyət hüquqlarına dair çıxarış verilmişdir. 2018-ci ilin mart ayında mənə məlum olmuşdur ki, Hacıyev Vasif Əkrəm oğlu notariat qurumlarının əməkdaşları ilə sənədləri saxtalaşdırmaqla, dələduzluq yolu ilə başqa şəxsə məxsus olan mənzili mənə satmışdırlar. Buna görə də mənə vurulmuş maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdim.
Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(103)-11949/2018 saylı qətnaməsi ilə Hacıyev Vasif Əkrəm oğlundan mənim xeyrimə 120.700 (yüz iyirmi min yeddi yüz) manat pulun tutulması barədə qərar qəbul edilmişdir. Lakin hal-hazıradək qeyd olunan məbləğ mənə ödənilməmişdir. İcra qurumları məhkəmə qərarının icrasını indiyədək təmin etməmişdirlər. Çox güman ki, Hacıyev Vasif Əkrəm oğlu pulu mənimsəyərək ölkəni tərk etmişdir.
Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Hacıyev Vasif Əkrəm oğlu notariat qurumunun rəhbəri və əməkdaşları ilə əlbir olaraq dələduzluq yolu ilə Quliyeva Züleyxa İbrahim qızının mənzilini özgəkinləşdirmiş və daha sonra mənə sataraq onun külli miqdarda pulunu mənimsəmişdir.
Məhkəmə baxışı zamanı notariat qurumlarının rəhbərlərinin və vəzifəli şəxslərinin səhlənkarlığı, vəzifə səlahiyyətlərindən sui istifadəsi halları da müəyyən edilmişdir. Hacıyev Vasif Əkrəm oğlu yuxarıda qeyd olunan qanunsuz hərəkətləri notariat qurumlarının vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, törətmişdir. Nəzərə alınmalıdır ki, Hacıyev Vasif Əkrəm oğlu keçmiş ədliyyə işçisidir. O ədliyyə sistemində sənəd dövriyyəsi, sənədlərin tərtibi qaydalarını yaxşı bilir. Çox güman ki keçmiş ədliyyə işçisi olması ilə əlaqədar Ədliyyə Nazirliyinin sisteminə daxil olan notariat qurumlarının əməkdaşlarını da yaxşı tanıyır.
Notariat qurumlarının qanunsuzluqları və cinayət əməlləri aşağıdakı hallarla sübut olunur. Bu hallara dair aşağıdakılar göstərilə bilər.
1. Quliyeva Züleyxa İbrahim qızı bütün əmlakının idarə edilməsi ilə bağlı Dibirov Nəsruddin Şamil oğluna qanuni əsaslarla 09.02.2018-ci il tarixli ƏN-1-689029 nömrəli etibarnamə verməmişdir. 9 saylı notariat kontoru isə Quliyeva Züleyxa İbrahim qızının iştirakı olmadan və onun belə etibarnamə verilməsinə razılığı olub-olmamasını araşdırmadan etibarnaməni qeydiyyata almışdır. Dibirov Nəsruddin Şamil oğlu mülki iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, o Quliyeva Züleyxa İbrahim qızını tanımır. Göründüyü kimi Quliyeva Züleyxa İbrahim qızının Dibirov Nəsruddin Şamil oğlunu tanımaması səbəbindən ona hər hansı etibarnamə verməsi mümkün olmadığı halda, notariusa belə məzmunda etibarnamə verilməsinə razılığını bildirmədiyi halda notariat kontoru etibarnaməni qeydiyyata almışdır.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 17-ci bəndinə əsasən notariat hərəkətlərini apararkən notariuslar hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyəti Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Təlimatın 6-cı bəndinə əsasən notarius fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir.
Lakin göründüyü kimi 9 saylı notariat kontoru Quliyeva Züleyxa İbrahim qızının iştirakı olmadan etibarnamə təsdiq etmişdir.
9 saylı notariat kontoru tərəfindən yuxarıda göstərilən qanun pozuntularına yol verildiyi üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə 9 saylı notariat kontoru tərəfindən qeydiyyat alınmış etibarnamə etibarsız hesab edilmişdir.
2. Dibirov Nəsruddin Şamil oğlu yuxarıda göstərilən qanunsuz etibarnamə və saxtalaşdırılmış Çıxarış əsasında 16.02.2018-ci il tarixli Quliyeva Züleyxa İbrahim qızının adından AN-İ seriyalı 0682241 saylı alqı-satqı müqaviləsi bağlayaraq, mənzili Hacıyev Vasif Əkrəm oğluna satmışdır. Həmin alqı-satqı müqaviləsi 11 saylı notariat kontorunda qeydiyyata alınmışdır.
Bu zaman 11 saylı notariat kontoru qanun pozuntusuna yol verərək, Quliyeva Züleyxa İbrahim qızının adına alqı-satqı müqaviləsini onun həyat yoldaşının razılığı olmadan rəsmiləşdirmişdir. Halbuki Azərbaycan Respublikası Ailə və Mülki Məcəlləsinin tələblərinə əsasən qeyd olunan mənzil birgə nikah dövründə əldə edilmişdir və Quliyeva Züleyxa İbrahim qızının razılığı olmadan satıla bilməzdir.
11 saylı notariat kontoru bu qanunsuzluğa əsas tapmaq üçün Dibirov Nəsruddin Şamil oğlundan ərizə almışdır ki, güya Quliyeva Züleyxa İbrahim qızı subaydır. Halbuki notariat qurumları sadəcə elektron sistemlə Quliyeva Züleyxa İbrahim qızının şəxsiyyət vəsiqəsinin nömrəsi ilə belə müəyyən edə bilərdilər ki, o evlidir.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Qanunun 36-cı maddəsinə əsasən notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin, eləcə də dövlət torpaq kadastrının məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorğular vermək hüququ vardır. Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcıya keçirilərək həmin Qanunun 31-1-ci maddəsi nəzərə alınmaqla təsdiq edilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə əsasən notarius vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə notarius mülkiyyətçi fiziki şəxsin ölməsini, habelə əmlaka sərəncam verən şəxsin subay olub-olmamasını yoxlayır və bu barədə məlumatın surətini çap edərək notariat işinə tikir. Ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir.
Bundan əlavə olaraq, 11 saylı notariat konturunun vəzifəli şəxsi gündəlik iş fəaliyyətində bir sıra alqı-satqı əməliyyatın rəsmiləşdirilməsində iştirak etdiyi üçün sahə üzrə təcrübəyə malikdir. Yığılmış təcrübənin bir hissəsi təqdim olunmuş sənədlərin yoxlanılması nəticəsində əmələ qələn “göz yaddaşından” ibarətdir. Bu fonda, həmin vəzifəli şəxs tərəfindən açıq şəkildə saxtalaşdırılmış Çıxarış əsasında alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə razılığın verilməsi onun Hacıyev Vasif Əkrəm oğlu ilə əlbir olduğunu sübuta yetirmişdir.
Lakin, göründüyü kimi 11 saylı notariat kontorunun vəzifəli şəxsləri “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud pozaraq, Quliyeva Züleyxa İbrahim qızının evli olması faktını müəyyən etmək istəməmiş və cinayətin törədilməsində iştirakçı olmuşdurlar.
3. Hacıyev Vasif Əkrəm oğlu 16.02.2018-ci il tarixdə 120 000 (yüz iyirmi min) manata aldığı mənzili 3 gün sonra 19.02.2018-ci il tarixində 53 saylı notariat kontorunda 4Ə-170 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mənə 93.500 (doxsan üç min beş yüz) manata satmışdır. Alınmış mənzilin 3 gün sonra təxminən 27.000 manat aşağı qiymətə satılması notariat kontorunda heç bir şübhə yaratmamışdır. Nəzərə alınmalıdır ki, məbləğin az göstərilməsi və qalan məbləğin borc müqaviləsi əsasında ödənilməsi Hacıyev Vasif Əkrəm oğlunun təşəbbüsü ilə olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 6-cı bəndinə əsasən Notarius öz vəzifələrini yerinə yetirərkən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-11-ci və 12-1-ci maddələrinin tələblərinə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidir.
Cəmi 3 gün əvvəl bağlanmış alqı-satqı müqaviləsi əsasında, təxminən 27.000 manat aşağı qiymətə mənzilin satılması 53 saylı notariat kontorunun vəzifəli şəxslərində şübhə oyatmamış, qanunun tələblərini pozaraq müvafiq hal araşdırılmamış və notariat hərəkətinin aparılmasını dayandırmamışdır.
Yuxarıda göstərilən pozuntularla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin 20.04.2018-ci il tarixli qərarının surətindən göründüyü kimi Hacıyev Vasif Əkrəm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir, lakin naməlum səbəbdən notariat qurumunun əməkdaşları, habelə alqı-satqıda iştirak etmiş və razılıq ərizəsini vermiş Hacıyev Vasif Əkrəm oğlunun həyat yoldaşı – SAA məsuliyyətdən yayındırılmışdır.
Bundan əlavə olaraq, ilk instansiya olmuş Xətai rayon məhkəməsi tərəfindən qəbul olunmuş 20.07.2018-ci il tarixli 2(011)-5527/2018 saylı qətnamədə 9 saylı notariat kontoru əməkdaşları – Rəhimli Vüsalə Dünyamin qızının və Əliyeva Aysel Nazim qızının, habelə xüsusi notarius Sadıqov Rəşadət Zülfüqar oğlunun, habelə 11 saylı notariat kontoru nümayəndəsi və vəkili Əliyev Eynar Arif oğlunun ifadələri onlar tərəfindən notariat hərəkətlərinin aparılması qaydalarını ciddi şəkildə pozmaları, vəzifə və səlahiyyətlərindən sui-istifadə etmələri və faktiki olaraq Hacıyev Vasif Əkrəm oğlu tərəfindən cinayətə vasitəçilik etmələri faktları göstərildiyinə baxmayaraq, onların nə cinayət nə də inzibati qaydada məsuliyyətə cəlb olunması təmin olunmamışdır. Sözügedən şəxslər tərəfindən qanun pozuntusu baş vermədiyi və qanunun bütün tələblərinə riayət edildiyi təqdirdə onlar tərəfindən Xətai rayon məhkəməsinə iddiaçı Quliyeva Züleyxa İbrahim qızı vəsatətinin təmin olunmasının dəstəkləməsi sual yaratmaqdadır.
9, 11 və 53 saylı notariat kontorları tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud pozularaq, dələduzluq və digər cinayətlər törədilməsinə şərait yaradılmış, köməklik göstərilmiş və bu isə həmin notariat kontorunun vəzifəli şəxslərinin cinayətin törədilməsində maddi maraqlarının, iştirakçılığının, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinin, rüşvət alma cinayətləri törədilmələrinin sübutudur.
Notariat qurumlarının cinayətkar əməlləri nəticəsində mənə maddi ziyan vurulduğu üçün mən notariat qurumlarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdim. Lakin Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 09.02.2022-ci il tarixli, 3-2(005)-287/2022 nömrəli qətnaməsi ilə notariat qurumlarına qarşı iddia ərizəm təmin edilməmişdir. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(103)-11949/2018 saylı qətnaməsinə istinad edərək, əsassız olaraq hesab etmişdir ki, maddi ziyan Hacıyev Vasif Əkrəm oğlu tərəfindən vurulduğu üçün maddi zərərin ödənilməsi notariat qurumlarından tələb oluna bilməz. Halbuki, mənə maddi ziyanın vurulması notariat qurumlarının vəzifəli şəxslərinin yuxarıda göstərilən qanunsuzluqları, vəzifə səlahiyyətlərindən sui istifadəsi, cinayətkar şəxslə əlbir olması nəticəsində baş vermişdir. Onlar da Hacıyev Vasif Əkrəm oğlu ilə eyni qaydada məsuliyyət daşımalıdırlar. Hazırda notariat qurumlarına qarşı mülki iddiam Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
Yuxarıda göstərilənlərlə bağlı Notariat qurumlarının qanunsuz hərəkətlərinin qarşısının alınması, ədalətli məhkəmə araşdırılmasının aparılması və mənə köməklik göstərilməsini xahiş edirəm."
Ümid edirik ki,dələduzların və saxtakarların qanunsuz əməllərindən əziyyət çəkən vətəndaşın şikayəti nəzarətə götürələcək,qanunsuzluqlara yol verənlər isə cəzalamdırılacaq.
Məqalədə adı çəkilən tərəfləri dinləməyə hazırıq.
Araşdırma qrupu...