Dermatoloq-kosmetoloq Zəmanə Fərhadova: "Etibarımı itirənlər çox olub"
- Zamənə xanım, zaman sizi hardan götürüb, haraya gətirdi?
- Zaman məni ginekologiyadan estetik kosmetologiyaya gətirdi.
- Niyə o sahədən bu sahəyə gəldiniz?
- Əslində tibb sahəsi çox məsuliyyətli bir sahədir. O ərəfələrdə övladım dünyaya gəldi. Gördüm ki, ona zaman ayırmaq mənim üçün çətin olacaq. Eyni zamanda, səhhətimdə müəyyən problemlər yarandı. Qərada aldım ki, ixtisasımı dəyişim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu yeddi ildə nə müşahidə etdiniz?
- Demək olar ki, hər növ insan tipi ilə qarşılaşdım (gülür).
- Bu sahədə narazı olduğunuz məqam hansıdır?
- Kosmetoloji prosedurların bir reabilitasiya dövrü var. Bəzən pasientlər çox səbrsiz davranırlar. Bu da maariflənmənin az olmasından irəli gəlir. Bu, məni bir az narahat edir.
- Bütün kosmetoloji prosedurları icra edirsiniz?
- Bəli, istisnasız, bütün prosedurları icra edirəm.
- Bəzi plastik cərrahlar estetik kosmetoloqları bəyənmirlər. Bu nədən qaynaqlanlır?
- Əslində estetik kosmetologiya plastik cərrahiyyənin bir qoludur. Kosmetoloqlar cərrahların əməliyyatla etdiklərin bəzi prosedurları əməliyyatsız icra edirlər. Məsələn, göz qapağının yığılmasını biz əməliyyatsız icra edirik və cərrahların aldığı nəticədən yaxşı nəticə alırıq.
- Qalıcılıq müddəti nə qədər olur bəs?
- Ömürlük qalır.
- Xanımlar kosmetoloji prosedurlara neçə yaşlarından etibarən başlamalıdırlar?
- Mənə görə, kosmetoloji prosedurların yaş həddi yoxdur. Xanımların əksəriyyəti düzgün həyat tərzi yaşamır. On səkkiz yaşında xanımlar gəlir, baxırsan ki, üzündə çox ciddi problemləri var. Ümumiyyətlə, xanımlar çox vulqar prosedurlar etməsinlər.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Biopolimerlərə (süni dolğulara) "yox" deyirəm. Bir cərrah tanışım var. O, on il bundan öncə, çox tanınmış bir xanıma biopolimer edib. Amma hələ də effekti qalıb. Onu da düzgün etmək lazımdır. Yoxsa, sonra pasient üzündə bir qüsur tapanda həkimi günahlandırır. Əslində həkim hər bir pasientim üz quruluşuna baxaraq ona öz məsləhətlərini verməlidir.
- Xarakter olaraq necə birisiniz?
- Çox səmimiyəm. Amma hər kəsə qarşı elə deyiləm. Çünki etibarımı itirənlər çox olub.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bu işlə ailə həyatı alınırmı?
- Çətin olsa da, alındırmağa çalışıram. Mən artıq heç nəyə zaman sərf etmirəm. Vaxtın qədrini bilirəm.
- Nədən qorxursunuz?
- İki böyük qorxum var. Yaxınlarımı itirməkdən qorxurdum. Anamı itirdim. Hər zaman düşünürdüm ki, anami itirsəm, necə yaşayaram? Xoşbəxtliyim onunla getdi. İkinci qorxduğum şey isə etibarımı itirmək olub. Mən heç vaxt heç kimə arxadan zərbə vurmamışam. Onsuz da dəyərsiz insanlar mənim "həyat qapım" dan daxil ola bilmirlər. İnsanlarla aramda bir sərhəd qoymağı bacarıram.
- Öz gücünüzü nədə görürsünüz?
- Problemsiz insan yoxdur. Amma mənim gücüm ondadır ki, problemim olsa da, onu heç kimə bildirmirəm. Bir də ki, heç vaxt əyilməmişəm. Öz qurumu saxlamışam.
- Xanımlarla çalışırsınız. Qadının necə bir varlıq olduğunu dərk etmisinizmi?
- Bəli, qadın həm incə, həm də mürəkkəb varlıqdır. Hər bir qadının daxilində bir mələk var. Əsas qadını ələ ala bilməkdir.
- Gözlə qaş arasında nə baş verdi?
- Çox şey baş verdi. Baş verdi və çox şeyləri alıb apardı.
- Sizin üçün əsrə bərabər olan gün hansı olub?
- Anamın son günləri mənim üçün əsrə bərabər oldu. Heç vaxt yadımdan çıxmayacaq.
- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Hippokrat andı — həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən və həmçinin həkim olmaq istəyən hər kəsin qəbul etdiyi ümumi qəbul edilmiş anddır.
Ağlıma gəlməzdi ki, bir gün mənə bəlkə də günlər, bəlkə də aylar sonra ananla vidalaşacaqsan deyərmişlər. Bu qədər tez vidalaşmaq istəməzdim. Allahım, sevdiklərimi bu qədər üzəcəyini bilməzdim. Ağlıma da gəlməzdi ki, hər gün gülüb-danışdığım anamın ömrünün bitməyinə az qalıb. Mən həkim olaraqdan anama heç bir şey edib onu yaşada bilmədim, bunu bacarmadım. Belə çarəsiz qalacağım ağlımın ucundan da keçməzdi. İstəyim budur ki, Allah anamın bu dünyada çəkdiyi ağrıların mükafatını o biri dünyada versin. Məkanını cənnət etsin. Ağlıma gəlməyən nə var idisə, hamısının baş rolunda özüm oldum.
Həkimlə əlaqə: (055) 9230445