Psixoloq Nərminə Cəfərova: "Dünyanı anlamaq üçün ailəni incələmək yetərlidir"
Son dövrlərdə qarşılaşdığımız bəzi hadisələr vətəndaşlar arasında ciddi həyəcəna səbəb olur.Təəssüd hissi ilə qeyd etmək istərdim ki, bu hadisələrin şahidləri və iştirakçıları uşaqlar, yeniyetmələr və gənclərdir. Bütün bunlar uşaq və yeniyetmələrin tərbiyəsi istiqamətində ciddi boşluqların olduğunu göstərir.
Yaxın zamanlarda məktəbli yeniyetmələrin sosial şəbəkələrdə yayılan bir videosu hamının diqqətini cəlb etmişdi. Amma inanın ki, belə hallar tez-tez baş verir, sadəcə bu yayıldı deyə bu qədər diqqəti öz üzərinə çəkdi. Biz burada bir bullinqin şahidi olduq. Nədir bunların səbəbi?
Əsas səbəb ailələrə gedib çıxır, baxmayaraq ki, məktəbi də qınaq obyektinə cevirirlər. Amma əsas səbəb ailədir. Sağlam sosial - emosional mühitdə böyüyən uşaqlarda belə hallar, bəzi istisnaları çıxmaqla baş vermir. Bu məqamda ailə terapiyasının banisi Virginia Satırın bir fikrini xatirlatmaq istəyirəm:"Dünyanı anlamaq üçün ailəni incələmək yetərlidir. Dünyanı dəyişmək üçün ailəni dəyişmək gərəkdir".
Məktəb -şagird -valideyn üçbucağının bütün bucaqlarını nəzərdən keçirmiş olsaq, məsələ bir az da aydınlaşmış olur. Məktəblərdə əsasən yüksək təlim nəticələrinin əldə olunmasına diqqət göstərilir. Bu da sağlam sosial - emosional muhitdən asılıdır. Bu mühitin formalaşmasına kompleks şəkildə yanaşılsa, şagirdlər arasında da sağlam münasibətlər olacaq.
Sağlam sosial - emosional mühitin formalaşmasına mane olan amillərdən biri də son vaxtlar tez -tez rastlaşdığımız bullinq davranışlarıdır. Bullinqin bir növü də mobbinqdir. Əslində müzakirə olunan aqressiv davranışda " qurban" və ona qarşı aqressiv davranış nümayiş etdirən yeniyetməyə görüntüləri çəkən də yardım etmiş olur. Bu bir nəfər yox,iki nəfər tərəfindən həyata keçirilən aqressiv davranışdır. Bir nəfər də kənardan müşahidə edirdi. Əslində o da bu halqanın bi hissəsi idi. Bu davranışı görüb səssiz qalmaq normaldırmı? Əlbəttə ki, xeyr.
Məktəblərdə tez- tez mobbinq davranışlarına məruz qalan uşaqlarla rastlaşırıq. Onlar bunu çox vaxt etiraf etməyə utanırlar. Bəs nədir mobbinq?
Geniş yazmaq istəmirəm, yalnız onu deyə bilərəm ki,1984- cü ildə İsveç doktoru, psixoloq Hans Leyman eyni qrupdan bir qrup uşağın tək uşağa qarşı hərəkətini tədqiq edərək bu davranışı mobbinq və ya " psixoloji terror" adlandırdı.
Bu kimi psixoloji zorakılıqlar uşaqlarda müxtəlif problemlərə səbəb ola bilir:
Özünəqapanma;
Özünəinamsızlıq hissi;
Müxtəlif psixoloji və nevrotik xəstəliklər və s.
Bəs məktəbdə bu hərəkətləri müəyyən etmək, nəzarətə götürmək üçün nə etmək lazımdır?
Bunun üçün şagirdləri müşahidə etmək, sinif təşkilat saatlarının və valideyn iclaslarının təşkil edilməsinə ciddi yanaşmaq;
Müxtəlif müsabiqə və yarışlar təşkil etmək;
Məktəbdaxili və sinifdaxili məcburi davranış qaydaları yaratmaq;
Məktəb psixoloqunun və kənardan dəvət edilmiş mütəxəssisin iştirakı ilə mobbinqin dioqnostikasını təşkil etmək lazımdır. Mobbinqin müəyyənləşdirilməsi üçün müşahidələrlə yanaşı şagirdlər, müəllimlər və valideynlərlə söhbətlər, sorğular təşkil oluna bilər və sosiometrik testlər keçirilə bilər.
Mobbinq davranışları vaxtında müəyyən olunmasa dərinləşər, müxtəlif təhlükə yarada bilər. Çünki hamının psixikası təzyiqə qarşı eyni dərəcədə dözümlü olmaya bilər.
Buna görə də məktəb psixoloqları bu istiqamətdə məktəb rəhbərləri, müəllimlər, valideynlərlə davamlı maarifləndirmə işləri aparmalı və qarşısının alınması istiqamətində birgə tədbirlər görməlidirlər.
Əlaqə nömrəsi: (055) 248 64 41