Məktəbəqədər və ibtidai siniflər üzrə ingilis-dili müəllimi Nəzirə Quliyeva: "Valideyn övladı ilə çox zaman keçirməlidir"
- Nəzirə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim anam da, xalam da müəllimdir. Yəni ki, bizim ailədə müəllimlik geni var. Amma mən birinci dəfə universitetə qəbul olmadığıma görə işləməyə, dayəlik etməyə başladım. Orada işləyə-işləyə bu sahə mənə çox maraqlı gəldi və bu sahədə işləməyi qərara aldım. Çünki həm uşaqları çox sevirdim, həm də müəllimlik məndə alınırdı.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on dörd ildir ki, bu sahədəyəm. Bu müddət ərzində müəllimlik üzrə iki diplom aldım. Qeyd edim ki, Azərbaycanda montosori proqramı üzrə çox az müəllim var, mən də onlardan biriyəm. Bununla da çox qürur duyuram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Valideynlər daha çox uşaqlarının ingilis dilini tez bir zamanda necə öyrənəcəkləri ilə bağlı müraciətlər edirlər. Amma mən onlara hər zaman deyirəm ki, hər uşaq, hər beyin individualdır.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İndi bəzi valideynlər uşağın üzərinə çox gedir. Onları rahat inkişaf etməyə, müstəqil qərarlar verməyə və onlara məcburi olaraq nəyisə icra etdirməyə çalışırlar. Mən bu hallara qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq pozitiv, ürəyiaçıq, qayğıkeş və gülərüz biriyəm.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. Bir qızım, bir oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Əziz valideynlər, siz uşaqlarınızın necə inkişaf etdiyinə xüsusi diqqət yetirməlisiniz. Əgər uşağın oxumağa meyli yoxdursa, onu məcbur etməməlisiniz. Çünki hər uşağın öz qavramaq tutumu var. Bir də ki, uşaqlarınızla çox zaman keçirməyə çalışın.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bəzi hallarda bəzi uşaqlara baxarkən göz yaşları tökəcəyəm. Çünki bəzi valideynlərin ürəkləri yumuşaq deyil. Ağlıma gəlməzdi ki, mən bu işi bu qədər sevəcəyəm və özümü hər zaman bir tələbə kimi görəcəyəm.
Əlaqə nömrəsi: (055) 212 64 78