Pedaqoq Əfsanə Qafarova: "Bu qədər sevgi və uğur qazanacağım ağlıma gəlməzdi"
- Əfsanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan müəllim olacağımı düşünürdüm. İbtidai sinif müəllimim mənə bu peşəni daha da sevdirdi. Müəllim olmaq hər gün yenidən öyrənməkdir. Müxtəlif məqamlarda şagirdlərimizdən öyrəndiklərimiz , onların sevincinə şərik olmağımız bu peşənin müqəddəs olduğunu bir daha xatırladır.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq 7 ildir ki, pedaqoji fəaliyyətə başlamışam. Pedaqoji fəaliyyətə başladığım dövrdən daim yenilik axtarışındayam. Öyrətmək üçün öyrənməliyik. Müxtəlif təlim və seminarlarda iştirak edərək, öyrəndiklərimi tətbiq edirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Müxtəlif sosial şəbəkələrdə yalnız müəllim həmkarlarıma deyil , həm də digər şagirdlər üçün resurslar, sınaqlar və s hazırlayıram. Xarici ölkələrdən olan müəllim həmkarlarımla müxtəlif layihələrdə iştirak edirəm. Həmçinin Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibiyəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipimi proqram əsasında həyata keçirirəm. Tədrisə aid əyani vəsaitlər hazırlamaq isə artıq gündəlik işlərimdən biridir. Müəllim dərsdə əyani vəsaitlərdən istifadə etdikdə şagirdlərin daha da maraqla öyrəndiyinin şahidi olur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar müəllim həmkarlarım pedaqoji təlim almaq üçün müraciət edirlər. İlk dəfə pandemiya dövründə müəllim həmkarlarım üçün "Virtual məktəbdə dərslər " layihəsində "İnteraktiv alətlərdən istifadə edilməsi " ilə bağlı təlimi təqdim etmişəm. 2022-ci ildə "Qrant layihələrin yazılması" ilə bağlı müəllim həmkarlarıma dəstək üçün də təlim keçirmişəm.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Bəzən valideynlərin övladlarının təhsilinə biganə yanaşmasına "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Öz ayaqları üzərində dayanmağı bacaran, peşəsini sevən, iradəli, çalışqan, səbirli biriyəm.
- Ailəlisinizmi?
- Bəli ailəliyəm. 2 övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hədəfləriniz üçün çalışın. Asan əldə olunanlar tez əldən çıxar. Çətinliklə olsa belə əldə etdiyiniz hər bir uğur zəhmətinizin bəhrəsidir. Heçnə üçün tələsməyin. Sadəcə çalışın. Əmin olun ki hədəfə gedən yolda çəkilən əziyyət itməz.
- Mən bu işi secerken ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
Mən bu sənəti seçərkən ağlıma gəlməzdi ki, bu qədər sevgi və uğur qazanaram. Yalnız şagirdlərimdən deyil, müxtəlif bölgələrimizdən olan müəllim həmkarlarımdan aldığım təşəkkür mesajları məni daha da həvəsləndirir. Hər gün əzmlə çalışıb , uğur əldə etməyim isə qürur verir.
Əlaqə nömrəsi: (050) 809 85 60