Kimya müəllimi, təlimçi Vəfa Kərimli: "Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir"
- Vəfa xanım, necə oldu ki, sahəyə gəldiniz?
-Müəllim ailəsində böyüdüyümdən uşaqlıqdan bu sahəyə marağım olub. Hələ uşaq olanda ətrafımda yaşca məndən kiçik olan uşaqlara şeirlər, müxtəlif dialoqlar öyrədirdim. Universiteti bitirən zaman tərəddüd içində idim. Görəsən mənim üçün ən müqəddəs zirvə sayılan bu sahəyə yönəlib uğur əldə edə bilərəmmi?! İmtahanda maraq xatirinə iştirak edib Bərdə rayon Mirzalıbəyli kənd tam orta məktəbində kimya müəllimi kimi pedaqoji fəaliyyətə başladım. İlk dəfə sinfə müəllim kimi daxil olanda anladım ki, mənim dünyadakı vəzifəm öyrətmək və şagirdlərə kəşf sevincini yaşatmaq ola bilər.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 9 ildir pedaqoji fəaliyyətlə məşğul oluram. Bu illər ərzində 3 müxtəlif məktəbdə işləmişəm. 2018-ci ildə MİQ imtahanında yenidən iştirak edərək, kimya fənni üzrə ən yüksək nəticə göstərənlərdən biri olmuşam. İşlədiyim məktəblərdə pedaqoji ədəbiyyatlarda oxuduğum üsullarla yanaşı, öz yanaşmam ilə müasir şagirdlərin marağını cəlb edən təlim üsullarını tətbiq etmişəm. Hazırda Bakı şəhəri 215 nömrəli tam orta məktəbdə kimya və STEAM üzrə müəllim kimi fəaliyyət göstərirəm və Gənc Kimya müəllimləri Birliyinin sədriyəm.
- İş prinsipiniz nədən ibarətdir?
- “Şagirdlər dünyadır”. Onlar müəyyən istiqamətdə mütləq istedad sahibidir. Bunları bilərək işimizi düzgün təşkil edə bilərik. Müəllim kimi fəaliyyətə başladıqdan sonra öz həmkarlarıma da dəstək olmağa başladım. Müxtəlif sosial şəbəkələr üzrə qruplar yaradaraq öyrəndiklərimi paylaşdım. Payalşdıqca təcrübələr genişləndi, müəllimlərin birliyinə çevrildi. Artıq Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə yaradılmış Gənc Kimya Müəllimləri Birliyi fəaliyyəti ilə həmkarlarımızın qarşısına çıxan çətinlikləri aradan qaldırmaqda kömək edir.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
-İstedadlı şagirdlərin aşkara çıxarılması üzrə müxtəlif işlər aparılır. Elmə marağı olan şagirdlərin düzgün istiqamətləndirilməsi də vacib məqamlardandır.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
-Hazırda təlimçi kimi də fəaliyyət göstərirəm. Abituriyentlər üçün dərs vəsaitinin müəllifiyəm. Bu istiqamətdə işləri davam etdirir, yeni nəşrlərin ərsəyə gəlməsi üçün çalışıram. Eyni zamanda Gənc Kimya müəllimləri Birliyinin sədri kimi yeni işə qəbul olan gənc kimya müəllimlərinin şəbəkələşməsində təşəbbüs göstərirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ümumtəhsil məktəblərində fəaliyyətə başlayan gənc kimya müəllimlərinin praktik təcrübələri az olduğundan dərs prosesinin təşkili , gündəlik və illik planın yazılması , motivasiyanın qurulması, qiymətləndirmə və məktəbdaxili sənədləşmə ilə bağlı müraciətlər olur. Bununla bağlı müxtəlif ödənişsiz təlimlər təşkil edərək müəllimləri maarifləndiririk.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Dünya sürətlə inkişaf edir, fənlərin inteqrasiyası , yeni elm sahələrinin təlim prosesinə daxil olması müxtəlif fənlərin tədrisinə təsir edir. Xüsusilə kimya fənninin qəbul imtahanlarına hazırlaşan şagirdlərə seçim kimi təklif olunması fənnə olan marağı nəzərə çarpacaq dərəcədə azaldır. Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir.
- Xarakter olaraq necə birisiniz?
- Müxtəlif situasiyalarda səbrli olmağı və insanlarla asan ünsiyyət qurmağı bacarıram. Yenilikləri paylaşmağı sevirəm. Həyatda hər cəhdimiz uğurlu olmaya bilər. Bəzən çətinliklər qarşımda maneə kimi görünsə də, bir müddət sonra stimul olaraq hərəkətverici qüvvəyə çevrilir.
- Ailəlisinizmi?
- Xeyr, ailə qurmamışam
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, yüzlərlə insanı ətrafımda cəmləşdirə bilərəm. İnsanlara faydalı olmaq qayəsini reallaşdıra bilərəm.
Əlaqə nömrəsi: (055) 861 60 88