Hüquqsünas-mediator Aqşin Məmmədli: "İşlərimizin əksəriyyəti ailə mübahisələrindən ibarətdir"
- Aqşin müəllim, necə oldu ki, mediator oldunuz?
- Mən ixtisasca hüquqşünasam, ölkəmizdə də hüquq sahəsinin surətlə inkişafı hesab edirəm ki, ən müasir dönəmdədir. Mediasiya barədə məlumatı hələ universitet dönəmində dərsliklərdən əldə etmişdim. Eyni zamanda insanlarla ünsiyyət qurmağım məni mediator olmağa cəlb etdi.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Bildiyiniz kimi 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılmış, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılmış və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir. Artıq 1 ildir ki, mediator kimi çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər. Biz mediatorlar isə buna vasitəçilik edərək mübahisələrin həllinə doğru öz səlahiyyətlərimiz çərçivəsində işimizi icra edirik.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Mən ailə, əmək və kommersiya sahəsi üzrə ixtisaslaşmış mediatoram. Hər üç kateqoriya üzrə işlərə baxıram. Lakin işlərin çoxu ailə mübahisələrindən ibarətdir.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə münasibətlərin düzgün qurulmamasından yaranan problemlər səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Təbii ki, cəmiyyətdə bu istiqamətdə baş verən hadisələr narahatlıqla qarşılanır və təəssüf doğurur. Bir mütəxəssis olaraq boşanmalara "yox" deyirəm. Hər bir mübahisə həll olunandır, lakin cəmiyyətimizdə uşaqların normal böyüyüb başa çatmaları üçün sağlam ailə münasibətləri gərəkir.
- Xarakter olaraq necə birisiniz?
- Ünsiyyətçil və qərarlarımda qəti biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Valideynlərin uşaqla ünsiyyət və düzgün davranış hallarının qurulması, onların bu isitqamətdə məlumatlandırılması və maarifləndirilməsi, hər kəsin qanunla üzərinə düşən məsuliyyətini anlaması istiqamətində fəaliyyətlərin artırılması önəmlidir. Hər bir valideyn yaşadığı dövlətdə onun üzərinə qanunla düşən məsuliyyəti və vəzifələri anlamalı və buna uyğun addımlar atmalıdır. Ailələrdə boşanma hallarının kəskin azalması istiqamətində hər-birimiz əlimizdən gələni etməliyik.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu iş bu qədər məsuliyyətli və olduqca maraqlı sahədir. Hər bir mübahisəni diqqətlə dinləməli və problemlərin kökündən həlli üçün alternativ üsüllar tapmalıdır mediator. Barışıqlarımızın sayının çoxalması üçün işimizə məsuliyyətlə yanaşmalı daha çox uğurlarlara imza atmalıyıq.
Əlaqə nömrəsi (050) 303 63 43
Instagram: m.lawyer___