Psixoloq İlahə Xudaverdiyeva: "Bir çox problemlərin kökündə ünsiyyətsizlik dayanır"
- İlahə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən bu sahəyə yeni başlamışam. Bu sahəyə gəlməyim özümlə bağlı oldu. Həyat yoldaşımdan ayrıldıqdan sonra həm uşaqlarımla, həm də özümə bağlı psixoloq Heyran İbrahimə müraciət etdim. Ünsiyyətimiz yaxşı alındı. Bu sahəyə də gəlməyimdə Heyran xanımın çox böyük təsiri və dəstəyi oldu. Ondan təlimlər aldım və bu işə başladım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq iki ildir ki, fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Həm böyüklərlə, həm də uşaqlarla işləyirəm. Bir də "12 addım" proqramına başlamışam. Yəni ki, reabilitasiya mərkəzlərində ağ ölüm və asılılıqlarla bağlı fəaliyyət göstərirəm.
- Uşaqlarda daha çox hansı problemləri müşahidə edirsiniz?
- Daha çox telefon asılılığı və ünsiyyətsizlik hallarına rast gəlirik. Qeyd edim ki, bir çox problemlərin kökündə məhz ünsiyyətsizlik dayanır.
- Sizcə, yaxşı psixoloq olmaq üçün nə etmək lazımdır?
- İlk növbədə pasiyenti yaxşı dinləmək və güvənini qazanmaq lazımdır.
- Xarakter olaraq necə birisiniz?
- Pozitiv bir insanam. İnsanları bağışlamağı bacarıram. Hər kəslə yola gedən biriyəm.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
- Bir çox psixoloqlar pasiyentlərlə yalnız iş xatirinə iş görürlər. Çox istərdim ki, psixoloqlar pasiyentlərə öz doğmaları kimi yanaşsınlar və onların dərdinə şərik olsunlar.
- Oxuculara nə məsləhət görürsünüz?
- Səbrli olsunlar və bir-birlərinə güvənsinlər. Aqressiv olmasınlar, ünsiyyətə meylli olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, düşüncələrim dəyişəcək. Əvvələr tamam fərqli düşüncədə idim, amma bu sahəyə gəldikdən sonra çox dəyişmişəm. İnanmazdım ki, bu sahəyə gəldikdən sonra əvvəlki İlahə ola bilərəm.
Əlaqə nömrəsi: (055) 812 17 82