Klinik psixoloq Heyran İbrahim: "Uşaqları istismar etmək olmaz"
- Heyran xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən bu sahəni sevərək gəlmişəm. İlk təhsilim filologiyadır. Amma o sahə üzrə çalışmamışam. Psixoloq olmaq istəmişəm. Ona görə də bu sahəni seçdim. Yaxşı ki, psixoloq olmuşam. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm. Amma hələ də təhsilimi davam etdirib öz üzərimdə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən hal-hazırda "Həyat naminə" reabilitasiya mərkzində asılılıq və narkomaniya üzrə və proqressiv psixologiya mərkəzində klinik psixoloq olaraq fəaliyyət göstərirəm. Psixologiyanın istənilən bir sahəsi üzrə işləyəməyi bacarıram. Ailə və uşaq (böyüklər və yeniyetmələr) psixoloqu kimi işləyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər edirlər.
- Mən narkomaniya üzrə "on iki addım" proqramı ilə işləyirəm. Bu proqram üzrə "Simurq" mükafatına layiq görülmüşəm. Narkomaniya çətin sahədir və bu sahə üzrə çalışan psixoloqların sayı elə da çox deyil.
- Xarakter olaraq necə birisiniz?
- Qarşıma qoyduğum məqsədə çatmaq üçün əlimdən gələni edən biriyəm. İnsan həyatda özündən sonra bir iz qoymalıdır. Mən də bunun üçün çalışıram. Qeyd edim ki, hal-hazırda uşaq psixologiyasına aid kitab üzərində işləyirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir övladım var.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Şiddətə və narkomaniyaya qəti surətdə "yox" deyirəm. Bunlarla indi də ciddi şəkildə mübarizə aparıram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Valideynlər öz övladlarını cəmiyyətdə bir fərd olaraq yetişməsini istəyirlərsə, onları dinləməyi bacarmalıdırlar. Valideyn öz övladı ilə ünsiyyət qurmalıdır. Uşaqları istismar etmək olmaz. Hər bir uşağın fikrinə və seçiminə hörmətlə yanaşmaq lazımdır.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən kitablarda oxuduğum anormal hadisələrin hamısını Azərbaycanda gördüm. Ağlıma gəlməzdi ki, bir gün həmin hadisələr ilə qarşılaşaram.
Əlaqə nömrəsi: (055) 756 43 42