Rezident-onkoloq Dr. Gülnar Nəbiyeva: "Vaxtında qoyulmuş diaqnoz həyat xilas edir!"
- Gülnar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Fikrimcə, mənim həkim olmağa doğru yolum uşaqlıqda, oyuncaqlarımla oynayan zaman başlayıb. Qeyd etmək istəyirəm ki, mən yaradıcı bir uşaq idim və rəsm çəkməyi çox sevirdim. Ona görə də Respublika İncəsənət Gimnaziyasında təsviri incəsənət ixtisası üzrə təhsil almağımda valideynlərim mənə köməklik göstərdilər. Yaradıcılıqla yanaşı, elmlə, xüsusən də biologiya və kimya ilə məşğul olmağı çox sevirdim. Beləliklə, 2016-cı ildə məktəbi bitirdikdən sonra I. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul oldum. 2022-ci ilin iyul ayında universiteti fərqlənmə diplomu ilə bitirdim və artıq sentyabr ayında “Onkologiya” ixtisası üzrə rezidenturaya daxil oldum. Beləliklə, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzində rezident onkoloq kimi çalışmağa başladım.
- Neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq bir ildir ki, öz sahəmdə çalışıram. Bu il mənə çox şey öyrətdi və buna görə çox minnətdaram.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Rezidenturanın birinci kursu ərzində 8 ay uşaq onkologiyası şöbəsində çalışmışam. Uşaq kimyaterapiya və cərrahiyyə şöbələrində rotasiya keçmişəm, həmçinin xəstələrin müalicəsinin müalicəsinin aparılması və elmi fəaliyyətlə aktiv məşğul olmuşam. 2023-cü ilin iyul ayından bu günə kimi “Baş və Boyun Şişləri” cərrahiyyə şöbəsində çalışıram. Rotasiya zamanı həkimlərə xəstənin qəbulu, müayinə və müalicəsi, həmçinin əməliyyatlar zamanı yardım edirəm.
- Xarakter olaraq necə bilirsiniz?
- Mən özümü iddialı, çalışqan, dürüst və ədalətli gənc həkim hesab edirəm.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deiləm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxucularımıza əsas tövsiyəm odur ki, həkimə müraciəti vaxtında etsinlər. Xərçəng xəstəliyinin yaranma riskini azaldacaq sağlam həyat tərzinə (düzgün qidalanmaq, yuxu rejimini normallaşdırmaq, stressdən və həddindən artıq insolasiyadan uzaq durmaq, idmanı həyatınızın bir hissəsi etmək) riayət etmək lazımdır. Və unutmayın, vaxtında qoyulmuş diaqnoz həyat xilas edir!
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, mən öz ixtisasımı bu qədər çox sevəcəyəm. Onkologiya mənim sonsuz marağım olan iki sahəni birləşdirən ixtisasdır: cərrahiyyə və elm. Və inanıram ki, gələcəkdə sevdiyim ixtisasın bütün sahələrində uğur qazana biləcəyəm.
Instagram : Dr.nabiyeva_gulnar
[email protected]