Pedaqoq Nuranə İsgəndərova: "Valideyn övladının təhsilindən, davranışından xəbərdar olmalıdır"
- Nuranə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən 2012-ci ildə Azərbaycan Müəllimlər Institutunun Mingəçevir filialının pedaqoji fakültəsinin "ibtidai sinif müəllimliyi" ixtisasına qəbul olmuşam. Etiraf edim ki, əvvəllər müəllim olmağımla bağlı heç bir istəyim, xəyalım olmayıb. Amma oxuduğum təhsil müəssisəsi 2015-ci ildə Mingəçevir Dövlət Universiteti statusuna keçdikdən sonra, rektorumuz Akif Hacıyevin elmə olan həvəsi ilə təhsillə bağlı gözəl fikirlər məndə də formalaşdı. Onun bir sözü hələ də mənim üçün istiqamətdir. "Hər kəs müəllimlik ixtisası balını toplayıb universitetə qəbul ola bilər, amma hər kəs əsl müəllim adını daşıyaraq bu qapıdan çıxa bilməz." Mənə peşəmi sevdirən şəxs elə Akif Hacıyev oldu.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Universiteti bitirdikdən sonra müəyyən səbəblərə görə fasilə verdim. Amma ixtisasımla bağlı təlimlərə qoşulurdum, özümü hər zaman daha da inkişaf etmiş müəllim olaraq yetişdirirdim. Daha sonra iş həyatına qədəm qoymaq istədim. Artıq 2020-ci ildən öz ixtisasımla bağlı pedaqoji fəaliyyətə başladım. Hazırda 4-cü ildir ki, müəllim olaraq gözəl balalara öz biliyimi ötürürəm, hətta deyərdim ki, onlardan da çox şey öyrənirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hər il dəyişən, daha da təkmilləşən təhsilimizdə ibtidai sinif şagirdləri üçün məni qane edən Azərbaycan dili qaydalar vəsaiti yox idi. Buna görə qaydalar vəsaiti hazırlamaq qərarına gəldim. Bu vəsaitdə nəinki qaydalar, hətta dərsliklərdə olan şifahi xalq ədəbiyyatına məxsus olan hissələr toplu şəkildə öz əksini tapıb. Yəni, şagird həm mövzu üzrə qaydaları, həm də hər sinif üzrə dərsliyindəki yeni şifahi xalq ədəbiyyatından olan topluları öyrənib təkrar etmiş olur. Əlavə də olaraq qeyd edim ki, bu vəsaitim hər şagirdə özəl olaraq hazırlanır, vəsaitimdə şagirdin şəkli və ad, soyadı göstərilir. Bu onlara məxsus olan kitabın daha həvəslə öyrənilməsinə motivasiya olur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar şagirdlərin oxu sürətinin zəif olması, oxuyub-anlamanın düzgün istiqamətləndirilməsi ilə bağlı sualları çox alıram. Bu yöndə də öz tövsiyələrimi verirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlərin bəzən təəssüf ki, məsuliyyətsizliyinə, övladlarını məktəbə göndərirlərsə hər şeyi müəllimdən gözləməklərinə, müəllimi bir çərçivə olaraq görməklərinə "yox" deyirəm. Təəssüflər olsun ki, valideynlər əgər övladını təhsil müəssisəsinə göndərirlərsə, artıq vəzifə borclarını tamamladıqlarını düşünürlər. Amma anlamırlar ki, hər şey onların övladlarına aldıqları məktəb ləvazimatı ilə bitmir. Övladın düzgün təhsili Müəllim-şagird-valideyn üçbucağının birgə fəaliyyəti ilə olmalıdır. Valideyn övladının təhsilindən, davranışından xəbərdar olmalıdır. Təəssüf ki, bəzən yaranan problemlər şagirdin düzgün təhsil almasına əngəl olur.
- Xarakter olaraq necə birisiniz?
- Həm çox mülayiməm, həm də sərt. Yerinə görə xarakterim də dəyişə bilir. Düşünək ki, müəllim də insandır (gülür).
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. 2 övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Övlalarının hər təhsil fikrinə, bacarığına önəm versinlər. Ibtidai sinifdən artıq şagirdin təhsil yönü aydınlaşır. Təəssüf ki, riyaziyyatda çətinlik çəkən övladını məcbur texniki yönümlü ixtisasa hazırlaşdırırlar. Bu zaman nəticə heç də xoş olmur. Belə məyusluq olmaması üçün onların bacarığını, biliyini nəzərə alsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, mən də onların həyatında önəmli yer tutaram. Onlardan da çox şeyi öyrənərəm. İşimdə daha çox həvəsli olaram.
Əlaqə nömrəsi: (077) 597 39 08