Tibb elmləri doktoru, psixiatr-narkoloq Araz Əliquliyev: "Pasiyentlerin şəfa tapması üçün əlimizdən gələni etmək əsas iş prinsipimizdir"
- Araz doktor, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bizim ailədə həkim olmayıb. Amma mənim məktəb illərimdə həkimliyə çox ali bir peşə kimi baxırdılar. O zamanlarda Tibb Universitetinə daxil olmaq çox çətin idi. Mən bu çətinliklərdən keçməyi bacardım və Tibbi Universitetinə daxil oldum. Elə birinci kursda oxuyarkən tibb qardaşı kimi fəaliyyət göstərməyə başladım. Eyni zamanda, bir çox tanınmış həkimlərin praktiki işlərində onların yanında olmuşam. Bu işin incəliklərini öyrənmişəm. Universiteti bitirdikdən sonra mən ixtisasımı psixi sağlamlıq sahəsi üzrə seçdim. İxtisaslaşmam aslılıqların psixi sağlamlıq sahəsi (kimyəvi və qeyri-kimyəvi asılılıqlar) üzrə oldu. İlk iş yerim 1987-ci ildə Respublika Narkoloji Dispanseri oldu. 1991-ci ilə qədər orada fəaliyyət gostərdim. Həmin il tibb üzrə fəlsəfə doktoru adını aldım. 1998-ci ildə həmin dispanserin rəhbəri oldum və on il orada çalışdım. İşlədiyim illər ərzində bir çox təşkilatlarla uğurlu layihələrə imza atdıq. 2006-ci ildə narkoloji dipanserdən ayrıldım və özümə bir klinika açdım. Klinika aslılıqlar və psixi sağlamlıq sahəsi üzrə fəaliyyət göstərirdi. Həmin ərəfədə dövlətdən bir iş təklifi gəldi. Prezident yanında narkotiklərlə mübarizə üzrə dövlət komissiyasında işçi qrupunun rəhbəri təyin edildim. Orada da bir çox qurumlarla və təşkilatlara çoxsaylı işlər gördük. 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə etdim və elmi ad aldım. 2012-ci ildən sonra müalicə və diaqnostika mərkəzinin baş həkimi təyin edildim. Bir il orada fəaliyyət göstərdikdən sonra uzun müddət Milli Onkologiya Mərkəzində baş həkimin müavini kimi işlədim. Ümumilikdə isə bir çox müəssisələrdə fəaliyyətim olub. Hal-hazırda isə "Medi-art" psixi sağlamlıq mərkəzinin baş həkimi vəzifəsini tuturam.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Otuz beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Baş həkim kimi işin təşkili və həkimlərin əlaqələndirilməsini təmin edirəm. Öz sahəm üzrə isə psixi-nevratik pozuntular və asılılıqlardan əziyyət çəkənlərə yardım göstərirəm. Qeyd edim ki, indi qeyri-kimyəvi asılılıqların sayı həddindən çox artıb. Buraya qumar, alış-veriş, kompyuter oyunları, sosial şəbəkələr və s. asılılıqlar daxildir.
- İş prinsipiniz nədən ibarətdir?
- Pasiyentlerin şəfa tapması üçün əlimizdən gələni etmək əsas iş prinsipimizdir.
- Bir mütəxəssis olaraq nəyə "yox"deyirsiniz?
- İndiki problemlərin həlli istiqamətində görülən işlərdəki çatışmazlıqlar məni çox narahat edir. Praktika göstərir ki, insanın fərd olaraq doğru yetişdirmək, ona təlim-tərbiyə vermək sözügedən asılılıqların qarşısını almaqda çox böyük rol oynayır. Bu da məktəbdən başlayır. Təəssüf ki, bu gün bizim təhsil sistemimiz bunun öhdəsindən gələ bilmir.
- Xarakter olaraq necə birisiniz?
- Yumuşaqqəlbli bir insanam. Amma insanlarla güvəndikcə, çox zaman yayılmışam. Ona görə də indi dostum çox azdır. Onu da deyim ki, rəhmli biriyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bu həyatda ən bahalı, ən əvəzolunmaz bir şey varsa, o da can sağlığıdır. Onun dəyərini vaxtında bilmək lazımdır. Sonra çox gec ola bilər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- İnsanların qayğıya bu qədər ehtiyacı olacağı ağlıma gəlməzdi. İnsanlar xoş münasibət daha çox möhtacdırlar. Bunu işlədiyim illər ərzində müşahidə etdim.
Əlaqə nömrəsi: (070) 315 50 59