"Karusel" uşaq bağçasının rəhbəri Xəyalə Əzizili: "Öz işimi sevə-sevə icra edirəm"
Xəyalə xanım, nəcə oldu ki, bu sahəyə gəldiniz?
- Nə vaxtsa müəllimə və ya uşaq bağçası işində çalışacağımı ağlıma gətirməzdim. Bir müddət işsiz qaldım və əvvəlki işlədiyim sferaya qayıtmaq istəmirdim. Öz işimi qurmaq qərarına gəldim. Bacaracağım bir neçə sahə üzrə düşündüm. Yaşadığım ərazidə olmayan, amma çox tələbat olan bir sahə olmalı idi. Bu təbii ki, özəl uşaq bağçası idi. Və mən bunu fəxrlə deyə bilirəm ki, bizim bağça Qaradağ rayonu üzrə ilk və əvəzsiz özəl uşaq bağçasıdır. Hal hazırda da bu işdə olduğum üçün və işimi sevə-sevə yerinə yertirdiyim üçün xoşbəxtəm.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Bu gün biz artıq böyük bir komandayıq. Hər kəs öz sahəsi və vəzifəsi üzrə öhdəsinə düşən işləri layiqincə yerinə yetirməyi bacarır. Mən də idarəçilikdən tutmuş, metodiki işlərə qədər hər şeyə bir başa özüm nəzarət edirəm. Əsasən də uşaq inkişaf sahələrinin tədrisində daima yeni biliklər əldə etmək, uşaq psixologiyasında dünya miqyaslı yeniliklərlə tanış olmaq və təlim- tərbiyə zamanı bilikləri tətbiq etmək, xidmət keyfiyyətimizi daim artırmaq, sosial layihələr üzrə işlər görürəm.
- Rəhbəri olduğunuz bağçada uşaqlara hansı sahələr tədris edilir?
- Uşaq beyni təmiz və bütün ötürülən məlumatlara açıq bir blokdur. 1-7 yaş aralığında biz ona nə yükləsək yaddaşa həkk olunur. Bu səbəbdən uşaqlara tədris olunan sahələr və ötürülən hər xırda belə informasiyalara çox həssas yanaşıram. Düzdür, bu bağça olaraq təkcə bizdən asılı deyil, hər ailənin özünə xas yaşam tərzi və xarakteri var. Lakin biz öhdəmizə düşən ən incə detalı belə kənarda qoymuruq. İlk öncə uşaqlara Vətənə sevgi aşılanır. Ailəyə, böyüklərə hörmət təbliğ edilir. Və tədricən uşaq inkişafına və onun gələcək həyatına təsir edəcək sahələr üzrə biliklər tədris olunur. Özünü dərk etmə, Ətraf aləmi gördüyündən əlavə olaraq onu qavramağı, ilkin riyazi biliklər, nitqinin düzgün formalaşmağı, fiziki hazırlığının yaşına uyğun inkişaf etməsi, əqli və zehni, düşünmə bacarıqları, estetik yaradıcı bacarıqları, cəmiyyətdə özünü ifadə edə bilmə, sosiallaşma kimi təlim sahələri tədris olunur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Valideynlər güvənilir bağça axtarırlar. Online izləmə ən çox müraciət olunanlar sırasındadır. Təbii ki, bu da kifayət etmir. Bilirik ki, kamera olduğu halda belə bəzən xoşa gəlməz hallar da yaşana bilir. İnsanlar etibar edə biləcəkləri mütəxəssislər axtarırlar və mənə müraciətlər məhz bu səbəbdən olur.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Bir mənalı olaraq, uşaqlara şiddətə və zorakılığa "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Uşaqları sevin, sevməyə çalışın. Kimə, hansı dinə, hansı millətə məxsus olmağının heç bir fərqi yoxdur. "O sadəcə bir uşaqdır və xoşbəxt gələcək üçün sevgi ilə böyüməlidir" prinsipi ilə yanaşın.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, illər ərzində güclü, öz sözünü demiş komandaya sahib olacağam. Bu gün fəxrlə deyə bilirəm ki, mənim sıfırdan yaratdığım düzən, komanda bugün öz işi ilə, işinə sevgisi ilə, bir çoxlarına nümunə ola bilər, örnək ola bilər.
Əlaqə nömrəsi: (051) 445 12 11; (050) 444 16 80