“Gələcəyin Mühasibi Sənsən!” – Fusion Academy MMC-dən gənclərə ilhamverici seminar

10 aprel 2025-ci il tarixində Bakı Biznes Kooperasiya Kollecində Fusion Academy MMC tərəfindən "Kağız, Qələm, Balans: Gələcəyin Mühasibi Sənsən!" adlı seminar təşkil olunub. Tədbirin məqsədi gənclərə mühasibatlıq sahəsinin əhəmiyyətini çatdırmaq, onları bu istiqamətdə karyera qurmağa təşviq etmək olub.
Seminarda Fusion Academy MMC-nin təsisçisi və icraçı direktoru Elza Məmmədova çıxış edərək, müasir dövrdə rəqəmlərlə işləməyin və maliyyə savadlılığının önəmini vurğulayıb. Tədbirdə həmçinin təcrübəli mühasib Nərmin Nağıyeva da iştirak edib. O, tələbələrlə öz peşəkar təcrübəsini bölüşərək mühasibatlığın real həyatda tətbiqi və karyera imkanları haqqında maraqlı nümunələr gətirib.
Bundan əlavə, Elza Məmmədova tələbələrlə səmimi söhbət aparıb. Görüş zamanı o, gənclərin gələcək həyatlarında düzgün istiqamət seçməsi, uğurlu karyera qurmaq üçün atmalı olduqları addımlar və şəxsiyyət inkişafı ilə bağlı mühüm məqamlara toxunub. Onun motivasiyaedici çıxışı tələbələrə həm ilham verib, həm də onları daha düşüncəli addımlar atmağa təşviq edib.
Seminar interaktiv formatda keçib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda Fusion Academy MMC ilə Bakı Biznes və Kooperasiya Kolleci arasında birgə əməkdaşlıq müqaviləsinə imza atılmışdır. Bu əməkdaşlıq çərçivəsində tələbələrin praktiki biliklərə yiyələnməsi, təcrübə proqramları və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Fusion Academy MMC bu kimi təşəbbüslərlə gənclərin peşə seçiminə və inkişafına dəstək olmağa davam edir.