Defektoloq-loqoped, şüuraltı terapist Sevgi Fətəli nitq inkişafı ləngiməsindən danışdı"

- Sevgi xanım, nitq inkişafı ləngiməsi nədir?
- Nitq inkişafı ləngiməsi, uşağın nitq bacarıqlarının yaşına uyğun olmaması və yaşıdlarından geri qalmasıdır. Bu zaman uşağın danışma, anlama və ünsiyyət qurma bacarıqlarında gecikmələr müşahidə edilə bilər.
- Yaranma səbəbləri nədir?
- Nitq inkişafı ləngiməsinin müxtəlif səbəbləri ola bilər, bunlar arasında:
•Eşitmə problemləri
•Nevroloji və inkişaf pozuntuları
•Ətraf mühit faktorları
•Ailədə nitqə kifayət qədər diqqət ayrılmaması, uşağın az danışan və ya az ünsiyyət quran mühitdə böyüməsi.
•Ailədə iki dilliliyin olması
•Erkən yaşda texnologiya ilə həddindən artıq təmas – Telefon, televizor və digər ekranlar qarşısında uzun müddət vaxt keçirmək uşağın ünsiyyət bacarıqlarını məhdudlaşdıra bilər.
•Genetik faktorlar – Ailədə gec danışan fərdlərin olması müəyyən hallarda təsir edə bilər, lakin bu faktor mütəxəssisə müraciət etməmək üçün əsas olmamalıdır.
- Hansı yaş qrupuna aid uşaqlarda daha çox müşahidə edilir?
- Nitq inkişafı ləngiməsi adətən 0-6 yaş aralığında müşahidə olunur. Uşağın nitqində nəzərəçarpacaq gecikmələr olarsa, erkən müdaxilə üçün mütəxəssisə müraciət edilməlidir.
- Əlamətləri hansılardır?
- Nitq inkişafı ləngiməsi olan uşaqlarda aşağıdakı əlamətlər müşahidə edilə bilər:
•12 ay – Jestlərdən (əl sallamaq, işarə etmək) istifadə etməmək.
•18 ay – Səsləri təqlid etməkdə və başa düşməkdə çətinlik çəkmək, jestlərdən sözlərə nisbətən daha çox istifadə etmək.
•2 yaş – Sadə komandalara cavab verməmək, danışmaq əvəzinə səslər və jestlərlə ünsiyyət qurmağa üstünlük vermək.
• Uşağın danışığı anlaşılmaz olmaqla yanaşı, öz yaş qrupuna uyğun söz ehtiyatına malik olmamaq.
• Davranış problemləri də özünü göstərə bilər – Fikrini sözlə ifadə edə bilmədiyi üçün aqressivlik, ağlama, özünü yerə çırpma kimi reaksiyalar yaranır.
• Sosial çətinliklər – Danışa bilmədiyi üçün digər uşaqlarla oynamaqdan çəkindiyi və ya digərlərinin onu oyuna daxil etmədiyi hallar müşahidə edilir.
- Müayinə və müalicə necə aparılır?
- Nitq inkişafı ləngiməsi diaqnozunun qoyulması üçün:
• Nevropatoloq – Sinir sistemində hər hansı problem olub-olmadığını müəyyənləşdirdikdən sonra.
•Loqoped – Uşağın nitq səviyyəsini qiymətləndirərək uyğun terapiya planı hazırlayır və seanslara başlayır.
- Müalicənin nəticələrini nə qədər müddətdən sonra əldə edirsiniz?
- Nitq terapiyasının nəticələri fərqli faktorlardan asılıdır:
• Ləngimənin səbəbi və dərəcəsi
• Terapiyaya nə qədər erkən başlanması
• Ailənin terapiya prosesinə nə dərəcədə dəstək olması
• Uşağın fərdi inkişaf xüsusiyyətləri
Müalicə müddəti fərqli olsa da, mütəmadi və effektiv loqopedik terapiya ilə 6 ay - 1 il ərzində nəzərəçarpacaq irəliləyiş əldə etmək mümkündür.
- Son olaraq bu mövzu ilə bağlı nə demək istərdiniz?
-;Nitq inkişafı ləngiməsi uşağın yalnız danışıq qabiliyyətinə deyil, həm də ümumi inkişafına, sosial adaptasiyasına və təhsil həyatına təsir edə bilən ciddi bir haldır. Erkən diaqnoz və müalicə prosesi bu uşaqların daha uğurlu gələcək qurmasına kömək edir.
Ailə ilə əməkdaşlıq və gündəlik nitq inkişafını dəstəkləyən fəaliyyətlər çox vacibdir:
• Günlük fəaliyyətləri oyuna çevirmək
• Axşamlar nağıl oxumaq
• Uşaqla birlikdə mahnılar oxumaq, təkrarlanan sözlərdən ibarət oyunlar oynamaq
•Telefon və televizordan istifadəyə məhdudiyyət qoymaq
•Qidalanma və yuxu rejimini nizamlamaq
Unutmaq olmaz ki, nitq inkişafı üçün ən kritik dövr erkən yaş dövrüdür. Bu səbəbdən gecikmə müşahidə edildikdə, mütəxəssisə müraciət etmək vacibdir.
Sevgi Fətəli
Defektoloq-Loqoped | Yaşam Kouçu | Şüuraltı Terapist
Əlaqə nömrəsi: +994 70 600 04 29
İnstagram: @sevgifeteliii