Klinik psixoloq Zəhra Hüseynzadə: "Mükəmməlçilik ailələrə böyük ziyan vurur”

Mükəmməlçilik və ya perfeksionizm, yəni hər şeyin mükəmməlinə can atmaq son illərdə bütün dünyada populyar mövzulardan birinə çevrilmişdir. Oxucularımıza bu barədə məlumat vermək üçün araşdırdıqda isə maraqlı bir faktla rastlaşdıq: Üç il öncə ölkəmizdə bu barədə bir monoqrafiya yazılıb: “Daha yaxşının ziyanları”. Düşündük ki, bu barədə ən dəqiq məlumatları məhz bu kitabın müəllifindən almaq olar.
Beləliklə, Klinik psixoloq Zəhra Hüseynzadə ilə mükəmməlçilik mövzusunda söhbətimizi sizə təqdim edirik.
- Salam, Zəhra xanım. Hər şeydən öncə mükəmməlçiliyin nə olduğu barədə oxucularımıza məlumat vermənizi xahiş edirəm.
- Mən də sizi və hörmətli oxucularınızı salamlayıram. Mükəmməlçilik sadəcə olaraq işini gözəl və mükəmməl şəkildə görmək istəyi deyil. Bu, instinktiv olaraq hamıda var. Amma mükəmməlçi bundan ötrü təşviş keçirir, özünü danlayır, digərlərini danlayır, heç kimin işini bəyənmir, “daha yaxşı edə bilərdin” düşüncəsi ilə kimisə tərifləmir, həvəsləndirmir. Mükəmməlçi, mükəmməlçiliyi həyat tərzinə çevirən, hər an bu devizlə nəfəs alan, gələcəyin planları, qayğıları və keçmişin təəssüfləri ilə yaşayan, həyatı özünə və ətrafına dar edəndir.
- Bəs bu həyat tərzi niyə pisdir? Cəmiyyəti inkişaf etdirən də bu deyilmi?
- Bu həyat tərzi insanın həm özünə, həm də ətrafına – ailəsinə, işçilərinə böyük ziyanlar vurur. Bu ziyanlara həm depressiya, stres, təşviş, okp, dismorfofobiya, ruminasiya və sosiofobiya kimi psixi pozuntular, həm də müxtəlif bədən ağrıları, sinir problemləri, başağrıları, ürək-damar və mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Mükəmməlçi nə özü anı yaşayıb həyatdan həzz ala bilir, nə də ətrafını buna qoyur. Cəmiyyəti inkişaf etdirən amil isə həyatı cəhənnəmə çevirmək deyil, işini vicdanla, dürüst şəkildə görməkdir. Bu isə həmişə ən yaxşısı olmur.
- Deməli, ən yaxşısına can atmaq düzgün deyil. Yəqin, buna görə kitabınızın adını “Daha yaxşının ziyanları” qoymusunuz.
- Bəli, insan birdəfəlik qəbul etməlidir ki, nə etsə də, yenə daha yaxşısı, daha güclüsü, daha gözəli olacaq. Birdəfəlik bilməlidir ki, mükəmməllik yalnız Allaha məxsusdur.
- Bir qədər kitabınız barədə məlumat verin mümkünsə. “Daha yaxşının ziyanları”nda nələr var?
- Əslində, indiyə qədər dediklərimin hamısı bu kitabda var. (gülür) Kitabda mükəmməlçiliyin nə və niyə pis olduğundan bəhs edilir, mükəmməlçiliyin əlamətləri, psixi və fiziki fəsadları, ailə həyatına, valideyn-övlad münasibətlərinə vurduğu ziyanlar geniş izah olunur. Kitabın özəlliklərindən və onu daha maraqlı edən cəhətlərdən biri real pasiyentlərlə - təbii ki, gizliliyi qorumaq şərtilə - seanslardan nümunələrin qeyd olunmasıdır. Bu, şərait yaradır ki, oxucu özünü psixoloji seansda hiss etsin. Bundan əlavə, mükəmməlçiliyin nədən yarandığı və bu problemdən qurtulmaq üçün lazımi tövsiyələrə də geniş yer verilmişdir.
- Həmin tövsiyələrin ən əhəmiyyətlilərini bizim oxucularımızla bölüşə bilərsiz? Təbii ki, yalnız adlarını çəkməklə.
- Əlbəttə. İlk tövsiyə Mükəmməlçiliyin problem olduğunu qəbul etməkdir. Əks təqdirdə, heç bir məsləhətin, heç bir terapiyanın xeyri olmaz. Bundan əlavə, gözləntiləri azaltmaq, heç kimin işinə qarışmamaq, həyatı ya ağ, ya qara rəngdə görməmək, özünün və digərlərinin müsbət cəhətlərini görmək, özünü sevmək, anı yaşamaq, keçmişə və gələcəyə qaçmamaq və həyat tərzinə düzəliş etmək vacib amillərdir.
- Maraqlı müsahibə üçün təşəkkür edirəm.
- Çox sağ olun. Mən təşəkkür edirəm.