Uşaq yazıçısı Əfsanə Laçın: "Heç bir uşağın müharibə görməsini istəmirəm"

- Əfsanə xanım, necə oldu ki, yazıçı oldunuz?
- Uşaqlıqdan özümdə bu istedadı hiss etmişdim. Xatırlayıram, ibtidai sinifdə oxuyanda “Sinifdən xarici oxu” dərsində həmişə özümdən nağıl uydurub danışırdım. Müəllim hiss etmirdi, ya da özü biruzə vermirdi. Yuxarı siniflərdə də inşaları həmişə fərqli, maraqlı yazmışam. Universitetdə daxil olandan sonra isə kiçik essələr yazmağa başladım. Yazılarımı yazıçı, şair Nazim Əhmədliyə göstərdim. Əgər üzərimdə işləsəm yaxşı yazıçı ola biləcəyimi söylədi və məni Rəşad Məcidin rəhbərlik etdiyi “Gənc Ədiblər Birliyi”nə yönəltdi. Beləcə bu sahədə kiçik addımlarla irəliləməyə, öz üzərimdə işləməyə başladım. Onuda qeyd edim ki, yazıçı olmağım heç də təsadüfü deyil. Belə ki, mənim babam Tapdıq Nəcəf satirik şeirlər yazıb. Laçın şəhərinin yeganə qəzetinin baş redaktoru olub. Anam da gözəl şeirlər yazır.
- Qeyd etdiniz ki, yaradıcılığa kiçik esselər yazmaqla başlamısınız...
- Bəli. İlk essem “Oralar” adlanır. Bu essemdə Laçın haqqında təsuratlarımı, duyğularımı qələmə almışam. Anam bu yazım vasitəsi ilə yazıçılıq istedadımı kəşf edib.
- Bəs necə oldu ki, uşaq hekayə və nağılları yazmağa başladınız?
- İxtisasca ibtidai sinif müəllimiyəm. “Həyat bilgisi” dərsini tədris edirdim. Kitabda “Qayalar necə parçalanır” adlı mövzu var idi. Uşaqlar bu mövzunu anlamaqda və yadda saxlamaqda çətinlik çəkirdilər. Bu məni çox düşündürürdü. Ona görə də “Balaca qaya” adlı uşaq hekayəsi yazdım. Bu hekayəni yazdıqdan sonra sanki özümü tapdım və uşaq hekayələri yazacağıma qərar verdim. O gündən, bu günə yalnız uşaqlar üçün yazıram. Mən yazmağa başlayanda uşaq yazarları arasında ən gənci idim. Gənclər içində isə demək olar ki, nağıl yazan yox idi. Ona görə də ədəbiyyat adamları məni “Nağıl yazan qız” kimi tanıyırdılar. İndi isə uşaq yazıçılarının sayı yavaş-yavaş artır.
- “Əfsanə Laçın” təxəllüsünün bir tarixçəsi varmı?
- Bəli. Yazıçı Nazim Əhmədli mətbuatda yazılarımın yayımlana bilməsi üçün özümə bir təxəllüs seçməyi məsləhət gördü. Mən laçınlıyam. Laçında doğulmuşam. Ona görə də düşündüm ki, Əfsanə Laçın doğru seçimdir. Arada tək “Əfsanə” kimi mətbuatda yer almağa başladım. Amma sonra yenidən Əfsanə Laçın təxəllüsünə qayıtdım. Çünki, hamı məni “Əfsanə Laçın” kimi tanıyır və yenə də elə müraciət edirdilər.
- İlk dəfə yazılarınız hansı mətbu orqanda yayımlanıb?
- “Sevimli” adlı uşaq jurnalı çap olunurdu. Təxminən 2010-2015-ci illər aralığında. Jurnalı şagirdlərdən birində gördüm, vərəqlədim. “Uzunadam” adlı nağılımı jurnalın elektron ünvanına göndərdim. Çox sağolsunlar ki, onlarda çap etdilər. Hətta bəyəndilər. Baş redaktorla görüşə dəvət olundum. Əməkdaşlığımız uzun müddət davam etdi. Daha sonra “Tumurcuq” uşaq qəzeti, “Günəş” uşaq jurnalında, “Mücrü” uşaq dərgisində yazılarım yayımlandı. TEAS PRESS-in layihəsi olan “Qaranquş” uşaq jurnalı ilə əməkdaşlığa başladım. “Ulduz” ədəbiyyat dərgisində müxtəlif illərdə hekayə və nağıllarım çap olundu. Jurnalın “Dərgidə kitab” layihəsində iştirak etdim. 2015-ci ildə “Əlifba” adlı kitabım dərc olundu. Kitabda hərflərə aid nağıl və şeirlər yer alıb.
- Hekayə və nağıllarınız sizə hansı uğurları qazandırıb?
- 2012-ci ildə Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi HYPERLINK "http://musabiqe.blogspot.com/2010/12/nsimi-milli-dbiyyat-musabiqsinin_26.html"ndə ”Balaca qaya”HYPERLINK "http://musabiqe.blogspot.com/2010/12/nsimi-milli-dbiyyat-musabiqsinin_26.html" , “Çəmən və bulud” hekayələrim ilk 10-luğa düşüb.
2013-cü ildə Milli Kitab Mükafatı” müsabiqəsində “ƏN YAXŞI UŞAQ NAĞILI” naminasiyasının qalibi olmuşam.
2015-ci ildə “Prezident yanında Bilik Fondu” tərəfindən təşkil olunan - “Vətənin pərvəri ol” müsabiqəsi- hekayə naminasiyası II yer tutmuşam.
2016-ci idlə “Təhsil Nazirliyi” tərəfindən təşkil olunan “Ən yaxşı uşaq əsəri” müsabiqəsində hekayə naminasiyası üzrə III yerə layiq görülmüşəm.
2017-ci ildə “Evravision Beynəlxalq Ədəbiyyat müsabiqəsi”ndə “Oyux” adlı hekayəmlə finala yüksəlmişəm. 2023-cü ildə isə elə həmin müsabiqədə “Uşaq ədəbiyyatı” kateqoriyası üzrə II yerə layiq görülmüş, diplomla təltif olunmuşam. Müsabiqədə mənə uğur qazandıran hekayəm isə “Azadliq pərisi” adlanır.
- Ölkədən kənarda necə yazılarınız yayımlanıb?
- Əlbəttə. 2012-ci ildə Türkiyənin “Kurşun Kalem dergisinin Azərbaycan yazarlarına ayrılmış sayında ”Tənha ev”(“Yalqız ev”) adlı sərbəst şeirim çap olunub.
2021-ci ildə "Uzun adam" hekayəm Təbriz şəhərinin “Məhd-təməddün” qəzetinin "Muncuq" səhifəsində çap olunub.
2021-cil 8 aprel tarixində “Azadlıq pərisi” hekayəm “Kırımın sesi” qəzetində çap olunub.
2023-cü ilin noyabr ayında isə “Mənim robot anam” adlı hekayələr kitabı Cənubi Azərbaycanda nəşr olunub. Kitabda “Mənim robot anam”, “Oyux”, “Azadlıq pərisi” adlı hekayələrim yer almışdır.
- Söhbətimizdən mənə belə aydın oldu ki, “Azadlıq pərisi” hekayəsi sizə xeyli uğurlar qazandırıb...
- Bəli. Bu hekayəni Qarabağ müharibəsinə həsr etmişəm. Ürəkdən, səmimi hislərlə qələmə aldığım bir hekayədir. Hekayədə bir uşağın müharibədə yaşadıqlarını canlandırmağa çalışmışam. Deyərdim ki, o uşaq elə mən özüməm. Çünki, biz Laçından elə müharibə vaxtı çıxmışıq. Heç bir uşağın müharibə görməsini istəmirəm...
Hekayənin sonunda qələbə təsvir olunub. Nağılım gerçək oldu. Biz “44 günlük müharibə”dən qalib çıxdıq. İndi bütün Qarabağ, Zəngəzur azaddır!
- Laçında necə, yaşamaq istərdinizmi?
- Təbii. Bu mənim uşaqlıq xəyalım və arzumdur. İndi isə bu xəyalı kerçəyə çevirmək imkanım var. İndi bu arzum məqsədimə çevrilib. Laçında yaşamaq, işləmək irəlidə olan planlarıma daxildir.
Məndə olan məlumata görə Yazıçılar Birliyinin üzvüsünüz.
Doğrudur. 2013-cü ildən AYB-nin üzvüyəm. 2014-cü ildə prezident təqaüdünə layiq görülmüşəm.
- Necə düşünürsünüz, uşaqlar oxumağı sevir?
- Bəli, sevirlər. Uşaqlar oxumağıda, nağıl dinləməyidə sevirlər. Rəngarəng kitablar onlar üçün çox maraqlı və cəlbedici görünür. Hətta özləridə bağçaya kitab gətirirlər ki, müəllim bunu bizə oxum. Məncə, bu çox sevindirici, ürəkaçan haldır. Düşünürəm ki, kitab oxumaq bu uşaqların böyüyəndə də sevimli məşğuliyyəti olacaq.
- Hal-hazırda yaradıcılığınızda hansısa yeniliklər varmı?
- Təbii ki, yeni nağıl və hekayələr yazıram.