İngilis dili müəllimi Leyla Kərimova: "Dil öyrənmək səbir tələb edir"

İngilis Dili Öyrənməyin Yolları: Təcrübə və Tövsiyələr.
Bu gün İngilis dili öyrənmək bir çox insan üçün zəruri bacarıq halına gəlib. Tələbələrimlə çalışarkən və beynəlxalq proqramlarda iştirak edərkən başa düşdüm ki, hər kəsin özünəməxsus öyrənmə metodu var. Amma bəzi strategiyalar hər kəs üçün effektivdir. Bu yazıda şəxsi təcrübəmdən və öyrəndiklərimdən bəhs edəcəyəm.
İlk növbədə, dil öyrənmək üçün məqsəd aydın olmalıdır. Nə üçün ingilis dilini öyrənmək istəyirsiniz? İş, təhsil, səyahət, yoxsa özünüzü inkişaf etdirmək üçün? Məqsəd aydın olduqda, motivasiya da yüksək olur. Mən tələbələrimə həmişə deyirəm ki, kiçik addımlarla başlamaq daha yaxşıdır. Məsələn, hər gün yeni sözlər öyrənmək, qısa mətnlər oxumaq və ya sadə cümlələrlə öz gündəliklərini yazmaq.
Praktika hər şeyin əsasıdır. Fulbright proqramı zamanı gördüm ki, tələbələrin danışıq bacarıqlarını inkişaf etdirmək üçün müəllimlər onlara sərbəst danışmağa daha çox imkan yaradır. Mən də dərslərimdə interaktiv metodlardan istifadə edirəm. Rollu oyunlar, qrup müzakirələri və layihələr tələbələrimdə dilə olan marağı artırır.
Danışıq bacarığı haqqında danışarkən, tələbələrimi həmişə mütəmadi olaraq praktikaya həvəsləndirirəm. Sadəcə qrammatika və ya yazı öyrənməklə kifayətlənmək olmaz. Real həyatda istifadə edə biləcəkləri ifadələri öyrətmək çox vacibdir. Mən özüm də "conversation clubs" təşkil edərək, tələbələrimə müxtəlif mövzularda sərbəst danışmaq imkanı yaradıram.
Eyni zamanda, İngilis dilini gündəlik həyatın bir hissəsinə çevirmək lazımdır. Bəzən tələbələrimə deyirəm ki, gün ərzində gördükləri əşyaları təsvir etməyə çalışsınlar. Məsələn, bir stulu necə təsvir edərdiniz? Həmçinin, filmləri əvvəlcə altyazı ilə, sonra isə altyazısız izləmək də çox faydalıdır. Kitab oxumaq isə qrammatika və söz ehtiyatını artırmaq üçün əvəzsizdir. Sadə, lakin maraqlı kitablarla başlamaq tövsiyə olunur.
Dil öyrənmək səbir tələb edir. Mən hər zaman tələbələrimə deyirəm ki, nailiyyətləri qeyd etməyi unutmasınlar. Yeni öyrəndikləri hər söz, hər ifadə onları məqsədlərinə bir addım daha yaxınlaşdırır. Əsas odur ki, davamlı olun və dil öyrənməyi əyləncəyə çevirin.
İngilis dili yalnız bir dərs və ya tapşırıq deyil, həyatımızın bir parçası ola bilər. Siz də bu yolda öz metodlarınızı taparaq irəliləyin. Unutmayın, hər bir addım sizi daha böyük nailiyyətlərə aparır.
Əlaqə nömrəsi: (051) 585 06 20