Repetitor-tərcüməçi Aysel Xanzadə: "Şagirdlərimin bu qədər uğur qazanacağı ağlıma gəlməzdi"
- Aysel xanım, necə oldu ki bu sahəni seçmək qərarına gəldiniz?
- Əslində, repetitor olmadan öncə niyyətim tərcüməçi olmaq idi. Məhz buna görə də Bakı Slavyan Universitetinin tərcümə rus-ingilis dilləri fakültəsində təhsil almışdım. Hələ tələbə olduğum zamanlarda qonşumuzun 3-cü sinifdə oxuyan oğluna və öz bacıma ingilis dili dərslərini öyrənməyə kömək edirdim. Bundan başqa, xalam qızını da ingilis dilindən universitet imtahanına hazırlayırdım. O zamanlarda keçdiyim hazırlıqların nəticəsinin gözlədiyimdən də yüksək olduğunu görmək məni fərəhləndirirdi. Daha sonra qismət elə oldu ki, magistr təhsilimi İqtisad Universitetinin ingilis dili bölməsində MBA üzrə bitirib bankda işləməyə başladım. Buna baxmayaraq, həyat məni müəllim etmək üçün çox gözəl planlar hazırladı (gülür). Bütün ötən illər ərzində frilans tərcüməçi kimi fəaliyyət göstərərək bir sıra tərcümə layihələrində iştirak etmişəm. Bununla yanaşı, repetitorluq fəaliyyətimi də davam etdirmişəm. Lakin ingilis dili müəllimi kimi valideynlərlə əməkdaşlıq edərək şagirdlərə dil öyrətmək hər zaman mənə xüsusi bir zövq verib.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Bu sahədə 10 ildən artıq təcrübəyə malikəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Şagirdləri Kembric sertifikat imtahanlarına, abituriyentləri 9 və 11-ci sinif buraxılış imtahanlarına və olimpiadalara hazırlayıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Əsas məqsədim həmişə ən yaxşı nəticə əldə etmək üçün əlimdən gələnin ən yaxşısını etmək, nəinki şagirdlərimin, habelə öz bilik və bacarıqlarımı da hər zaman təkmilləşdirməkdir. Məhz buna görədir ki, hər fürsət tapdığımda (əsasən yayları zamanım olur) beynəlxalq sertifikat imtahanlarında (İELTS, TKT və sairə) iştirak edərək özümü hər daim inkişaf etdirirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Valideynlər əsasən Kembric imtahanları ilə bağlı məlumat almaq üçün və ya övladlarını o imtahanlara hazırlamağım üçün mənə müraciət edirlər. Danılmazdır ki, Kembric proqramı az yaşlardan etibarən ingilis dilinə yiyələnməkdən ötrü çox mükəmməl və motivasiyası yüksək olan bir dil öyrənmə üsuludur.
- Bir mütəxəssis olaraq nəyə ‘yox’ deyirsiniz?
- Bəzi valideynlər düşünürlər ki, övladlarını çox narahat etməsinlər və onlar ingilis dilini böyüyəndə rahat öyrənərlər. Bu fikrə mən qətiyyətlə “yox” deyirəm. Çünki aparılan elmi araşdırmalar da onu göstərir ki, dil yeniyetməlik yaşlarından öncə öyrənilməlidir. Elə olduğu halda, şagird heç bir kompleks olmadan dili öz ana dili kimi mənimsəyir və danışır.
- Xarakter olaraq necə birisiniz?
- Xasiyyətcə nə istədiyini çox yaxşı bilən biriyəm. Baxmayaraq ki, yalnışlarımızdan həmişə təcrübə əldə edirik, hər zaman doğru olanı etməyə cəhd göstərirəm. Bu səbəbdəndir ki, araşdırmağı çox sevirəm. Təhsildə araşdırma aparım, dil təkmilləşdirmək üçün hansı kitablar daha faydalıdır, hansı imtahanlar şagirdlər üçün daha yaxşıdır, hansı olimpiadalarda iştirak etmək daha effektlidir və sairə., bu kimi araşdırmalar marağımı cəlb edir.
- Ailəlisinizmi?
- Bəli. İki qız övladım var... Allah hamının balasını qorusun.
- Oxuculara nə məsləhət görürsünüz?
- İngilis dilinin qlobal bir dil olduğunu nəzərə alaraq birinci növbədə bu dili kiçik yaşlardan hər bir uşaq mənimsəməlidir. Əmin olun ki, bundan heç bir zaman peşman olmayacaqsınız. Elə şərait yaradın ki, övladınız hələ az yaşlı ikən ingilis dilində cizgi filmləri izləyərək dili öyrənə bilsinlər (təbii ki, böyüklərin nəzarəti ilə).
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, bu sahədə şagirdlərimin bu qədər çox uğurları olacaq. Şagirdlərimlə fəxr edirəm, onlarla varam və onların uğurları mənim uğurlarımdır.
Əlaqə nömrəsi: (070) 563 71 66