Ketogenik diet üzrə mütəxəssis, Kliniki Dietoloq-Nutrisioloq Məhsəti Məmmədova: "Qidamız dərman yox, dərmanımız qida olsun"
- Məhsəti xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Nənəm diabet xəstəsi idi. Evə davamlı həkim və tibb bacıları gəlirdi. Onlar getdikdən sonra nənəm özünü yaxşı hiss edirdi. Mənim 3-4 yaşım olardı. Mən də öz oyuncaqlarıma sanki xəstə-pasient kimi eyni qayğını göstərirdim. O yaşlarımdan arzulayırdım həkim olmağı.
Valideyinlərimin istəyi ilə başqa sahəni seçməli oldum, lakin insanlara faydalı ola bilmək istəyi məni tərk etmirdi və özümü bu yolda inkişaf elətdirməliyəm deyə düşünürdüm. Durmadan araşdırma edir, təlimlərə qoşulurdum. Yolum 4 il öncə ANDOP akademiyasından keçdi. Orada tanıdığım dəyərli müəllimlərim və aldığım Kliniki Dietologiya təlimi bu yolda arzularımın daha da alovlanmasına səbəb oldu.
Hal-hazırda bir çox xəstəliklər üzrə insanlara qida bələdçiliyi edir, dietoloq kimi fəaliyyət göstərirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hal-hazırda Türkiyədə təhsil alıram. Öz ixtisasım üzrə əlbətdə ki, durmadan araşdırma edirəm. Məncə, ən önəmlisi budur, çünki tibb durmadan dəyişən və sürətli yenilənən bir sahədir. Qidalanma sahəsi də bu dəyişimdən öz nəsibini alır.
Mən bir dietoloq kimi ən çox Keto diet üzrə ixtisaslaşmağa və insanlara bu sahədə daha çox kömək etməyə, Keto dietin bütün sirlərinə hakim olub bunu ölkəmizdə tanıtmaq üzrə işlər aparıram. Marifləndirici qruplar yaradıram.
Keto diet təkcə epilepsiya, autizm və nevroloji problemlərin həlli üçün yox eləcə də autoimmun xəstəliklərdə effektiv bir yöntəmdir və mən xaricdən Türkiyə, Rusiya , Amerika kimi ölkələrdən bu haqda bir çox təlimlər alır və özümü inkişaf etdirirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Mən deyərdim ki, dövrümüzün bəlası olan diabet xəstələri, eyni zamanda, tireoidit , arterial hipertenziya , qaraciyər problemləri olan pasientlər də üstünlük təşkil edir. Bunların kökündə isə insulin rezistentliyi durur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Birinci, ən şirin zəhər olan ŞƏKƏRə , daha sonra sənaye üsulu ilə əldə edilən yağlara və təbii ki, bütün paketli qidalara.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq pozitiv və müsbət auralı biri olduğumu düşünürəm. Elə deyirlər (gülür).
- Ailəlisinizmi?
- Bəli. 4 övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Həyatın bütün gözəlliklərini doya-doya yaşamaq üçün nə yeyib içdiklərinə diqqət etsinlər. Qidamız dərman yox, dərmanımız qida olsun.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, dərmandan asılı qalan xəstələrin bütün dərmanlarını zibil qutusuna atacaq qədər sağlamlığına qovuşmalarına ALLAHın izni ilə səbəb ola biləcəm.
Əlaqə nömrəsi: (077) 748 14 44