Psixoloq Ülviyyə Nəhmətova: "İnkişafa qoyulan əmək heç bir zaman itməz"

- Ülviyyə xanım, necə oldu ki, bu sahəyə gəlmək qərarına gəldiniz?
- Mənim çox səbrli olmağım, anlayışlı və dinləmə bacarığının yüksək olması insanların diqqətini çəkdiyini, hətta məktəb zamanlarında görürdüm. O zaman anladım ki, bu xüsusiyyətlər hər kəs eyni dərəcədə deyil. Kənardan, hətta ən yaxınlarım da bildirirdilər ki, səndən yaxşı psixoloq olar. Bu peşəylə bağlı araşdırma etdim. Hətta bacım o zamanlar tələbə idi. Onun psixologiya kitablarını götürüb maraqla oxuyurdum. Sonra universitetə verəndə ixtisas seçimi zamanı psixologiyanı özüm istəyərək ön sıralarda yazdım və ora qəbul olacağıma da əmin idim. Bugün bu seçimimə görə daxilimdə sonsuz şükranlıq hissi var.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq 10 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Öz sahəmdə durmadan mən həm akademik, həm də praktik cəhətdən özümü inkişaf etdirib və öyrəndiklərimi də öyrətmişəm. Mən hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının doktorantıyam. Həm də Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının baş müəllimiyəm. Eyni zamanda, Psixologiya Elmi - Tədqiqat İnstitutunun Əlavə Təhsil və İnnovasiyalar şöbəsinin müdiriyəm. Fərqli layihələr üzrə təlimlər keçirirəm, Kitab çıxartmışam. Həmçinin, praktik olaraq çalışıb, psixoloji narahatlığı olan insanlara seanslar keçirəm. Bu yöndə böyük uğurlarım vardır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda yetkinlərdə təşviş (həyəcan), obsessiv kompulsiv pozuntu, depresiya, cütlük münasibətləri, uşaqlarda isə qorxu, fobiya, aqressiya, diqqət əskikliyi və hiperaktivlik pozuntusu ilə bağlı müraciətlər çoxalıb.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- İstifadə olunmağa, zorakılığa, insanlara yuxarıdan aşağı baxılmasına, qeyri-peşəkarlığa yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq faydalılıq hissi çox yüksəkdir məndə, bəlkə də buna görə bu peşədəyəm. Eyni zamanda çox səbrli, məsuliyyətliyəm və bildiklərimi paylaşmağı sevən biriyəm. Mənə görə bilik paylaşıldıqca köhnəlir, beyin yeni şeylər öyrənmək istəyir. Buna görə də öyrənmək həvəsi məndə çox yüksəkdir. Birdə pozitiv düşüncəli biriyəm. Hər bir hadisədə yaxşı tərəfindən baxmağı bacarıram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Özlərinə yatırım etsinlər, durmadan özlərini inkişaf etdirsinlər. Unutmasınlar ki, bu inkişafa qoyulan əmək heç bir zaman itməz, artıqlaması ilə sizə qayıdar. Birdə özlərini sevsinlər, dəyər versinlər. Çünki bu dünyanın bizə münasibəti bizim özümüzə olan münasibətdən başlayır. Ona görə özlərini öncül sıraya qoymağı bacarsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər insanın həyatına yaxşı anlamda toxuna bilərəm. Bu elmin inkişafında bu qədər xidmətlərim olar. Buna görə çox xoşbəxtəm!
Əlaqə nömrəsi: (050) 607 41 59