Sosial psixoloq, ailə danışmanı Adilə Cəfərova: "Öz fərqində olmayan insan ən təhlükəli insandır"

- Adilə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Təbii ki, bu suala yalnız öz prizmadan cavab verə bilərəm, çünki psixoloqlar digər qrup insanlar kimi fərqli və fərdidirlər.
Əslində yaşadığım həyatım məni psixologiya sahəsinə gətirdi və öz təcrübələrim mənə çıxış yolu olaraq osixoloq olmağı göstərdi. Uşaqlarla çalışmağım isə daha çox mənim ruhumu sağaltmaq və sağlam qalmaq üçün gözəl seçim oldu. Hər zaman liderlik ruhum olduğu üçün faydalı işdə olcağıma əmin oldum. Amma bu gün işimi çox sevirəm. Bəzən çox yoruluram, amma qiymətləndirmə, terapiya, nəzarət və ya psixotəhsil olsun, stolumun qarşısına çıxan hər bir tapşırıq məni həyəcanlandırır və özümü, peşəmi və insanları daha yaxşı tanımağa, daim maraqlanmağa və daha ağıllı olmağa çağırır. Hər bir hal mənim həyata, insanlara və öz daxili psixoloji fəaliyyətimə baxışımı genişləndirir. Əlbəttə, bu, bəzən ağır işdir və bəzi hallarda qarşımdakı insana istədiyim qədər kömək edə bilməyəndə narahat oluram. Daha çox enerji sərf edirəm, çünki işimdə mükəməliyyətçiyəm.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Mənə görə zamanında "yox" deyə bilməlidir insan. "Yox" deməli və bunda da israr etməlidir. Əgər həyatını "o pis olmasın", "bu inciməsin", "filankəsin könlü xoş olsun" deyə keçirsən, sonda incinənin, pis olanın, qəlbi naxoş olanın sən olduğunu görəcəksən və bu zaman gec olacaq. İstəmirsənsə, de, "istəmirəm".Bu qədər sadə deyil, bəzən bir sözü demək bir ton yük qaldırmaq kimidir. Amma deməlisən ki, çətinlikdən sonra asanlığın gəlsin.
Mənim özümə sərhədlərim olduğu üçün "yox" deməyə cəsarətim var. Bəzən bunu eqoistlik kimi qəbul edir, qarşımdakı insan amma mən o "yox" dedikdən sonra mənə gələn o anın hissini yaşamaqla məşğul oluram (gülür).
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Daha çox uşaqlarla, yeniyetmələrlə və aiəlilərlə çalışıram. Diaqnostik və konsultativ iş aparıram.
Heç bir zaman öz sahəmə biznes yönümlü baxmamışam. Maliyyəni daha çox deyil, nəticəni düşünmüşəm və bu günə qədər çox sayda əlimdən gəldiyi qədər ödənişsiz seans keçmişəm (hər kəsə deyil!). Çünki öz sahəmə hörmət edirəm və təbii ki, özümün və işimin istifadə variantı olmasına icazə vermərəm (gülür).
Uşaq psixoloqu olaraq uşağı qeyd-şərtsiz qəbul edib, onunla tam empatiya qurub, onun dediklərini səmimiyyətlə dinləyirəm, yəni uşaqla müalicəvi münasibət qururam. Çünki mütəxəssislə uşaq arasında emosional bağ qurulmasa uşağın mütəxəssisə inam hissinin formalaşmaz.
Hər bir uşaq özünü təhlükəsiz hiss etdiyi bir mühitdə "böyüyür" və inkişaf edir. Mən də sırf bunun üçün çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar valideynlərin daha çox narahat olduğu yeniyetməlik dönəmində olan övladlar ilə bağlı şikayətləndiyi mövzu
"övladım dərs oxumur, məni dinləmir, heç kəslə ünsiyyət qurmur, davranışları bərbaddır" və s. olur . Amma hər zaman dediyimiz kimi, qısaca deyəcəyəm. Bir valideynin rəftarı dəyişmirsə, övladında davranışları düzəlməyəcək. Digər bir şikayət isə uşaqlarda "Autizm spektr pozuntusu və nitq geriliyi"nin sürətlə artmasındandır.
- Xarakter olaraq necə birisiniz?
- Xarakterimdə olan boşluqlar da var, dolu olan tərəf də. Komfortuma çox düşkün biriyəm, kimsə bunu poza bilməz. İnsanlar isə bunu eqoistlik ilə qarışdırır. Halbu ki, özümə olan hörmət və dəyər hissimlə bağlı bir şeydir ki, kimsə buna toxuna bilməz.
Ağıllı qadınam. Bunu özümə sübut etmişəm deyə, öz aləmimdə daha xoşbəxtəm. Amma bəzən yanımda elə bir mövzu açılır ki, özümü geri qalmış biri kimi görürəm. Daxilimdə özümə sual verirəm ki, "mən sadəcə öz dünyamda yaşayıram, həyatda çox başqa dünya dönür". Nə yaxşı ki, oradan uzağam. Qısaca olaraq, bir tərəfim uşaq ruhlu, digər tərəfim olqun qadındır və mən ortada qalmış biri kimi hadisələri istiqamətləndirirəm. Ən əsası, heç kəsə zərər vermək kimi bir hissim, davranışım olmayıb.
- Ailəlisinizmi?
- Bu sual mənə çox gəlib. Ailəli deyiləm. On yaşlı bir oğlum var. O, bu həyatda mənə həm dost, həm yoldaş, həm də oğuldur. Bəzən elə şəkildə məni təsəlli edir, ağıl verir ki, deyirəm "demək ki, boşuna getməyib öyrətdiklərim".
Hər zaman sosial verlişlərdə də bildirmişəm, boşanmanın tərəfdarı deyiləm, amma bir ailədə qadın dəyərsiz və qadınlıq obrazında görülmürsə, əlavə olaraq 3-4 cü şəxslər tərəfindən müdaxilə varsa, bax, həmin yerdə qalmamalıdır insan. Öz dəyər hissi ilə birgə oradan ayrılmalıdır.
Güclü anayam, xoşbəxt qadınam, dəyərli övladam.
- Oxuculara nə məsləhət görərdiniz?
- Məsləhət verməyi və almağı sevməyən biri kimi sadəcə yaşanmışlıq praktikama əsasən bunu deyə bilərəm ki, 32 yaşım var, amma yaşadıqlarım məni daha dərin düşünməyə sövq edib həyatda..
"Bir insan yetişməlidir, fərqinə varmalıdır. Özünün və yaşadıqlarının"
Bu, 20 yaşında da, 40 yaşında da, 50 yaşında da ola bilər. Amma yenə də olması mütləqdir.
Öz fərqində olmayan insan ən təhlükəli insandır. Yalnışlarını doğru, yalnış doğrularını təsdiqləmək üçün sadəcə hər kəsi incidən insanlar bizi sadəcə tükətə bilər. Özünüzü sevin. Özünüzə dəyər verin. Hissinizin fərqində olun, empatiya hissinə sahib olun.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, ən böyük dəstəyim özümə olacaq. Özümlə barışıb dost olacağam. İnsanları məmnun etmək üçün fədakar obrazından çıxacağam. Yox deyib xoşbəxt olacağam. Ən əsası, güclü qadın olacağam. Məqsədlərim və hədəflərim qarşıdadır. Bir gün özüm haqqımda gözüm dolacaq qədər özümlə fəxr etmək istəyirəm.
Əlaqə nömrəsi: (077) 332 86 98