Psixoloq, pedaqoq Turanə Əliyeva: "Övladlarınızın ən böyük dəstəkçisi siz olun!"

- Turanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyimdə orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran müəllimin böyük rolu oldu. Bir pedaqoq kimi o, şagirdlərinin həyatlarına müsbət təsirli toxunmağı bacarırdı. Mən də qərar verdim ki, gələcəkdə uşaqların inkişafı, şəxsiyyətlərinin formalaşmasına və cəmiyyətdə özlərini sərbəst ifadə edə bilmələrinə dəstək olacağam.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2014-cü ildən bu günədək bu sahədə sevərək fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Xüsusi qayğıya ehtiyacı olan uşaqların psixi və nitq inkişafının sağlam şəkildə yetişməsi və gələcək həyata tam hazır olması əsas prinsiplərimizdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Neyroinkişaf pozuntularının, davranış, diqqət, qavrama sferalarının korreksiyası üçün fərdi məşğələlər və ünsiyyət bacarıqları, sosiallaşma, yeni mühitə uyğunlaşmanın təmin olunması məqsədilə qrup məşğələləri təşkil edilir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ümumi inkişafında ləngimə və geriləmə olan, nitq inkişafı yaşına uyğun olmayan, müxtəlif genetik və ya sinir mənşəli sindromlardan, xüsusilə autism sektrli pozuntulardan əziyyət çəkən uşaqların valideynləri müraciət edir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bu sahə ilə əlaqəsi olmayan insanların valideynləri yanlış yönləndirməsinə, uşaqların sağlam inkişafına mane ola biləcək rəftarlara və maddi maraqlarını əsas götürərək insanlara boş ümidlərin verilməsinə “YOX” deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Peşəkar fəaliyyətimdə daim fəallıq göstərməyə çalışan, öhdəliklərimi qüsursuz şəkildə yerinə yetirməkdə məsuliyyətli, ünsiyyətcil, təşəbbüskar və yumor qabiliyyətinə sahib biri olduğumu düşünürəm.
- Ailəlisinizmi?
- Bəli, evliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Övladlarınıza sevginizi göstərin. Doğrularında və yanlışlarında yanlarında durun. Ən böyük dəstəkçisi siz olun!
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər ailənin sevincində mənim də payım olar.
Əlaqə nömrəsi: (077) 325 57 55
Instagram: Turana.nitq.dansq.mutexesisi
Mail: [email protected]