Təsisçi, CEO, beynəlxalq dərəcəli ingilis dili müəllimi Sənubər Abbasova: "Yaxşı müəllim hər zaman tələbədir"

- Sənubər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- İngilis dili müəllimliyi mənim ixtisasımdır. Bu sahə üzrə ali təhsil almışam. Özümü təkmilləşdirmək üçün öz üzərimdə çox çalışmışam. Bildiyiniz kimi beynəlxalq dərəcəli ingilis dili müəllimiyəm. Çoxsaylı konfranslar, təlim və seminarlar iştirakçısıyam. Amerikalı müəllimlərdən dərslər almışam. Bu dilə həvəs məndə uşaqlıqdan olub. Buna baxmayaraq bəzən psixoloq və ya dizayner olmağa da həvəslənirdim. Amma yaxşı ki, müəllim oldum. Düşünürəm ki, bu sahədə uğurlu biriyəm. Lazım olanda tələbələrimlə psixoloq, dost-motivasiya verən biri kimi də davranıram. Deyilənə görə dinləməyi yaxşı bacarıram. Bilirik ki, yaxşı müəllim, həm də psixoloq olmalıdır. Rənglərə və dizayn sahəsinə marağım isə dərslərimin fərqli təşkillində və hazırda təsisçisi və rəhbəri olduğum Learners Centre Xarici Dil Mərkəzinin dizayn işlərində mənə çox kömək olur. Learners Centre ilə bağlı bütün yaradıcı, dizayn ideyaları mənə məxsusdur. Bundan başqa Elmlər Akademiyasında kompyuter kursunu da əla qiymətlərlə bitirmişəm. Eyni zamanda digital marketing üzrə müxtəlif dərslər almışam. Düşünürəm insan nə qədər çox sahədən məlumatlı olsa və dünyagörüşlü olarsa, bir o qədər də çox uğur qazanar. Və hər zaman dediyim kimi yaxşı müəllim hər zaman tələbədir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- İngilis dili müəllimi olaraq təcrübəm artıq 7 ildən artıqdır. İngilis dili müəllimi sahəsində danışıq müəllimi olaraq ixtisaslaşmışam. Fəaliyyətimin ilk günündən böyüklərə, iş adamlarına ingilis dilini danışıq üçün öyrədirəm. Azərbaycanın müxtəlif bölgələrindən, dünyanın müxtəlif ölkələrindən tələbələrim olub və hazırda da var. Buraya Rusiya, Almaniya, Hollandiya, Finlandiya, Çexiya, Litva, Polşa və digər ölkələr daxildir.
- Öz sahəniz üzrə hansı işlər icra edirsiniz?
- İngilis dilini tədris etməklə yanaşı, artıq 3 ildir ki, xarici vətəndaşlara Azərbaycan dilini də öyrədirəm. Azərbaycan dili üzrə qrup və fərdi şəkildə dərslərimə qoşulan müxtəlif ölkələrdən olan tələbələrim var. Qürurla ana dilimizi öyrədirəm. Həm də Learners Centre Xarici Dil Mərkəzinin təsisçisi və rəhbəriyəm.
- İş pirinsipiniz nədir?
- Mənim üçün müəllim-tələbə münasibətlərinin düzgün qurulması, maraqlı və qeyri-standart dərs mühitinin yaradılması ilə yanaşı müəllimlik statusunun qorunması, dərslərdə nizam-intizam və disiplin çox vacibdir. Bilirik ki, bir dil öyrənmədə eləcə də bütün digər məqsədlərdə davamlılıq və nizam olmarsa uğur da olmaz. Dərslərdə tələbələrə müəyyən qədər sərbəstlik verməyə üstünlük verirəm ki, öyrənmək üçün, bilmədiklərini soruşmaq üçün rahat, pozitiv mühit olsun.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Tələbə ilə müəllim arasındakı bütün "sərhədlər"in qırılmasına, yersiz səmimiyyətə "yox" deyirəm.
- Bir dili öyrənmək üçün birinci növbədə nə lazımdır?
- Birinci növbədə məqsəd lazımdır. Eyni zamanda, səbirli olmağı bacarmalıyıq; dil öyrənmənin, daha doğrusu mənimsəmənin bir proses olduğunu davamlılıq və çalışqanlıq tələb etdiyini unutmamalıyıq. Amma təbii ki, bu prosesi dərslərimizdə maksimum maraqlı şəkildə təşkil edirik ki, tələbələrə darıxdırıcı və psixoloji olaraq əziyyətli olmasın.
- Oxuculara nə məsləhət görürsünüz?
- Mən həm müəllim, həm də təsisçi olaraq fikir bildirə, məsləhət verə bilərəm. Müəllim olaraq deyə bilərəm ki, bir dili seçdikdə həmin dili öyrənmək istədiklərindən əmin olsunlar və müəllim seçimində diqqətli olsunlar. Özlərini peşakar müəllimlərə həvalə etsinlər. Həm də marketinq təhsili olan biri kimi deyirəm ki, müəllim, kurs seçərkən marketinq yönümlü cümlələrə aldanmasınlar. Üç aya dili vəd edilən kimi yüksək səviyyədə öyrənmək mümkün deyil.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Əslində bu sahədə uğurlu biri olacağımı bilirdim. Uşaqlıqdan öz biznesimin olacağını da hiss edirdim. Amma tələbələrim tərəfindən bu dərəcədə seviləcəyimi düşünməmişdim. Mən ingilis dilini öyrənəndə hər zaman xarici vətəndaşlarla danışmaq, ingilis dilində danışığımı yaxşılaşdırmaq üçün, praktika etmək üçün fürsətlər axtarırdım. Maraqlı məqam budur ki, indi xarici vətəndaşlar həm müəllim olaraq mənimlə Learners Centre-də çalışmaq, həm də tələbə olaraq, Azərbaycan dilini öyrənmək üçün mənim yanıma gəlirlər. Baxın, bu ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (050) 637 55 48
Instagram: sanubar_abbasova