Estetik kosmetoloq Səadət Ağayeva: "Təbiiliyi qorumaq əsas iş prinsipimdir"

- Səadət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ixtisasca tibbi təhsilli feldşerəm. Uzun illər Hərbi Hospitalda işləmişəm. Hal-hazırda ehtiyatda olan hərbçiyəm. O ki qaldı bu sahəyə necə gəlməyimə, biz hərbidə olanda özümüzə çox baxım edə bilmirdik. Həm icazə vermirdilər, həm də şərait yox idi. Təqaüdə çıxdıqdan sonra kosmetoloq Xədicə xanımın yanına getdim. Bu iş mənim diqqətimi çəkdi. Kosmetoloq olmaq qərarına gəldim. Üç ay kurs keçdikdən sonra imtahan verib diplom aldım. Nəticələrim də çox gözəl oldu.
- Nəçə ildir ki, bu sahədəsiniz?
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizə üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya aid bütün prosedurları icra edirəm. Heç bir istisna yoxdur.
- İş prinsipiniz nədən ibarətdir?
- Təbiiliyi qoruyub saxlamaq əsas iş prinsipimdir. Hər kəsə individual yanaşıram.
- İşinizdə sizin üçün vacib olan nədir?
- Mənə müraciət edən hər bir xanım gözəlləşmək istəyir və buna layiqdir. Mən hər prosedurdan öncə özümü həmin xanımların yerinə qoyuram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox üz dərisində olan səpkilərlə bağlı müraciət edirlər. Bu da daha çox yeniyetmə xanımlarda müşahidə olunur. Bunun da əsas səbəbi dəriyə düzgün qulluq olunmamasıdır.
- Bir kosmetoloq olaraq nəyin əleyhinəsiniz?
- Azyaşlı xanımların dolğulardan istifadə etməsinin əleyhinəyəm.
- Xarakter olaraq necə birisiniz?
- Hərbçi olduğuma görə ilk dəfə məni görən adam elə bilir ki, mən sərt xarakterə malik biriyəm. Amma tanıdıqca görürlər ki, əslində çox səmimi insanam.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Xanımlara nə məsləhət görürsünüz?
- Özlərini sevsinlər. Depressiyaya düşməsinlər. Kosmetoloqa müraciət etmək imkanı olmayan xanımlar özlərinə ev şəraitində qulluq etsinlər. Hər zaman öz gözəlliklərini qorusunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu işi zamanla daha çox sevəcəyəm.
Əlaqə nömrəsi: (050) 995 61 99