Daxili xəstəliklər üzrə mütəxəssis həkim Günel Qasımova: "Pasiyentlərimi anlamaq əsas iş prinsipimdir"

- Günel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən müəllim ailəsində böyümüşəm. Atam da, anam da müəllimdir. Amma atam istəyirdi ki, mən həkim olum. Ona görə də qərara aldım ki, həkim olum. Yaxşı ki, olmuşam. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İxtisasca terapevtəm. Tibb Universitetini və Rezidenturanı bitirmişəm. Pasiyentlər ilk olaraq bizə ümumi şikayətlər və ağrılarla bağlı müraciət edirlər. Biz də müayinə edib ona uyğun bir müalicə tətbiq edirik.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox qaraciyərdə, mədəaltı vəzdə, öddə, qabırğa altında olan ağrılarla bağlı müraciətlər olur
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün dürüstlük çox vacibdir. Pasiyentlərimi anlamaq əsas iş prinsipimdir. Bir də ki, düzgün istiqamət və müalicə taktikası qurmağa çalışıram.
- Xarakter olaraq necə birisiniz?
- Səbirli və təmkinli biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Bir mütəxəssis olaraq nəyin əleyhinəsiniz?
- Pasiyentə həddindən artıq dərman preparatlarının yazılmasının əleyhinəyəm. Düşünürəm ki, hər hansı bir xəstəliyi iki-üç dərmanla da müalicə etmək olar və edirik də.
- Görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?
- Pasiyentlər adətən xəstəlikləri gecikdirirlər. Belə halları görmək istəməzdim.
- Oxuculara nə məsləhət görürsünüz?
- Öz sağlamlıqlarının qeydinə qalsınlar. Həkimə vaxtında müraciət etsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,...Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu işin bu qədər çətin olacağını düşünməzdim. İnsanların dərdinə şərik olmaq, bu yükü daşımaq çox ağırdır. Həqiqətən də çox güc tələb edir.
Əlaqə nömrəsi: (050) 538 76 32