Psixoloq, psixo-pedaqoq Nərminə Cavadova: "Valideynlər övladları çox vaxt keçirməlidir"

Nərminə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
Mən orta məktəbdə oxuyarkən bizə "İnsan və cəmiyyət" fənni tədris edilirdi. O fənni çox sevirdim. Araşdırmalar aparırdım. Gördüm ki, bu sahəyə uyğun olan psixologiya elmidir və burada mən öz gələcəyimi görürəm. Ona görə də bu sahəyə gəlmək qərarına gəldim. Qeyd edim ki, ailəm bu peşəni seçməyimə çox müdaxilə edirdi. Hətta anam qızlar universitetinə gələrək, dekandan mənim ixtisasımı dəyişməyini xahiş etmişdi. Dekan isə ona bu sahənin gələcək perspektivləri barədə məlumat vermişdi. Anamı fikrindən döndərə bilmişdi. Mən həmin gün özümü çox şanslı və uğurlu hesab edirdim. Allah Əbdül Əlizadəyə rəhmət etsin. O, həmişə deyirdi ki, bu sahədə nəzəri bilikləri paylaşmaq asandır, amma praktik olaraq fəaliyyət göstərmək olduqca çətindir. Mən də işlədikcə bu sahənin məsuliyyətini daha yaxşı dərk etməyə başladım. Qeyd etmək istəyirəm ki, mən Əbdül Əlizadə, Muxtar Həmzəyev,
Luminət Əmrahlı və s. görəkəmli şəxslərdən dərs aldığım üçün özümü xoşbəxt hiss edirəm.
Vurğulamaq istərdim ki, əvvəlki illərə nisbətən bu sahəyə maraq göstərənlərin sayı xeyli artıb. Bu hal məni çox sevindirir. Mən də gənc psixoloqlara öz dəstəyimi hər zaman göstərirəm.
Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
İlk iş fəaliyyətimə Sumqayıt Tibb Kollecində baslamışam. Hal-hazırda Sumqayıt şəhərində yerləşən 26 nömrəli tam orta məktəbdə çalışıram. Günümün digər hissəsini isə psixoloji mərkəzlərdən birində keçirdirəm. Bundan başqa, məni məhkəmə psixoloqu olaraq da dəvət edirlər. Qeyri-hökumət təşkilatlarının təşkilatçılığı ilə psixoloji yardıma ehtiyacı olan ailələrə dəstək oluram. Bir də Azərbaycanın könüllü həkimlər assosasiyasının vasitəçiliyi ilə qazi və şəhid ailələrinə yardım edirəm.
Neçə ildir ki, bu sahədəsiniz?
Artıq 20 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
Ailəlisinizmi?
Bəli, ailəliyəm. Bir qızım, bir oğlum var. Onu da deyim ki, mənim bu uğurlara gəlib çatmağımda həyat yoldaşımın mənə çox böyük dəstəyi olub. Mən bütün uğurlarımı onunla birlikdə qeyd edirəm.
Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
Daha çox valideyn-övlad münasibətləri ilə bağlı müraciətlər olur. Mən bu barədə bacardığım qədər təlimlər verib insanları maarifləndirirəm.
Oxuculara nə məsləhət görürsünüz?
Valideynlərə demək istəyirəm ki, övladlarının təkcə maddi deyil, mənəvi taminatlarına da fikir versinlər. Övladları ilə çox vaxt keçirsinlər.
Gələcək planlarınız nələrdir?
Hal-hazırda psixoloq və psixo-pedaqoq kimi fəaliyyət göstərirəm. Amma klinik psixoloq və psixoterapevt sahəsi üzrə magistra qəbul olmuşam. Ən böyük arzularımdan biri magistr pilləsini bitirib bu sahələr üzrə də xalqa xidmət etməkdir.
Əlaqə nömrəsi: (051) 568 17 78