Təlimçi, psixo-pedaqoq Aygün Əliyeva: "Şagirdə nəyisə hazır təqdim etməyin tərəfdarı deyiləm"

- Aygün xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Pedaqoji sahəyə hələ kiçik məktəb yaşlarından marağım böyük olub. Xatırlayıram, uşaq idim, onda da evə qonaq gələn qohumların uşaqlarını bir otağa yığıb qələm-kağız ilə tapşırıqlar verib, yoxlayıb qiymət yazırdım.
Yazıb silə biləcəyim divarlarımızdan lövhə kimi istifadə edirdim. Və bu həvəs bu maraq bu gün də məndən əl çəkmir.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 7 ildir ki, bu sahədə çalışıram. Təcrübəmdə 3 yaşdan 60 yaşa qədər şagirdim olub (gülür). İlk fəaliyyətimə kurslarda çalışaraq başladım. Daha sonra üzərimdə bir az da çox çalışaraq MİQ ( müəllimlərin işə qəbulu) imtahanından uğurla keçərək Sumqayıt şəhərində yerləşən məktəblərin birinə yüksək balla qəbul oldum və hazırda da orda çalışıram.
- Öz sahənizi üzrə hansı işləri icra edirsiniz?
- Dahi Nizami Gəncəvinin bu sözü həmişə qulağımda olub:
- Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
İxtisasca ibtidai sinif müəllimiyəm. Kənardan o qədər də güclü savad tələb olunmayan sahə kimi görünsə də, xırdalıqları çoxdur. İxtisasım özündə həm şəxsiyyət yetişdirmə , həm də ilkin oxuma, yazma, hesab bacarıqları formalaşdırmağın incəliklərini birləşdirir.
Əsasən məktəbəqədər hazırlıq (5 yaşlı), l-Vl sinif şagirdləri üçün Azərbaycan dili və Riyaziyyat, liseylərə hazırlıq, Məntiq, Oxuyub-anlama, Sürətli Oxu, Mental Arifmetika, Xətt təlimi üzrə dərslər tədris edirəm. Kurslarda çalışan zamandan görürdüm ki, şagirdlər bir çox bacarıqlara yiyələnməkdə çətinlik çəkir. Bu həm də mənə öz üzərimdə daha çox çalışmaq, yerli və xarici təlimçilərdən təlimlər alaraq peşəkarlaşmağıma yol açdı.
Beləliklə, əvvəlcə inkişafetdirici, maarifləndirici bədən dili, natiqlik, psixo-pedaqoq kurslarına qatıldım. Bunların yetmədiyini görüb Disleksiya üzrə də təlimlər alaraq DİS - T (Disleksiya olub olmamasını açığa çıxaran test) və
DMP (Disleksiya Müdaxilə Proqramı) uzmanı dərəcəsi aldım.
Disleksiya haqqında qısa məlumat verim. Bilirəm ki, bu haqda məlumat azlığı var. Gücümüz çatan qədər olduğumuz hər yerdə bu barədə məlumatlandırma aparırıq. Bu bir öyrənmə çətinliyidir. Hərfləri, oxumağı,hesablamağı çətinliklə öyrənmə.
Belə uşaqları bir çox əlamətlərə görə digərlərindən fərqləndirmək mümkündür.
Disleksiya anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü aşağıdakı əlamətlərlə göstərir:
● Danışmada gecikmə
● Yeni sözləri gec öyrənmə
● Hərəkət və koordinasiya pozuqluğu
● İstiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bugün, sabah, əvvəl,sonra) anlayışlarında çətinliklər
Danışarkən düzgün sözlərdən istifadə etməmək:
Bəzən valideynlər bu əlamətləri normal hal kimi dəyərləndirir və uşaqlarında heç bir problem olmadığını bildirirlər.Lakin uşaqlar məktəbə başladıqdan sonra bu saydığımız əlamətlərin daha kəskin formaları özünü :göstərir.
Məktəb dönəmi görülən əlamətlər:
● Hərfləri öyrənmədə çətinlik
● Sözləri hecalamada çətinlik
● Sözləri və obyektlərin adını xatırlamada çətinlik
● Yazıları oxumada çətinlik
● Oxşar səsləri və hərfləri fərqləndirə bilməmək
● Oxuyarkən sözləri, sətirləri buraxmaq
● Yazı yazmada çətinlik (52 əvəzinə 25, kitab əvəzinə batik yazmaq və s.)
● Sözlərin düzgün mənalarını bilməmək
● Yazı yazmağı və oxumağı bacarsalar belə, yazıda çoxlu imla səhvləri buraxmaq və çox gec oxumaq
İnsanların bir qismi disleksiyanın xəstəlik olduğunu digər bir qismi isə bunu zəka səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Lakin bunların heç biri doğru deyil. Hətta zəka səviyyəsi yüksək olan bir çox məşhurlar da belə disleksiya mövcud olub. Məsələn; Walt Disney, Albert Einstein, Tom Cruz, Bill Gates,Leonardo Da Vinci, Rodin,Harry Belafonte və s.
Disleksiyanın xüsusi bir müalicə üsulu yoxdur. Ancaq aşağıdakı ünsürlər onların müalicəsində böyük rol oynayır:
● Doğru qidalanma
● Ailədə və cəmiyyətdə ona qoyulan düzgün münasibət
● Özəl dərslər (burada onun öyrənmə qabiliyyətinin artması üçün daha maraqlı və əyləncəli öyrənmə metodlarından istifadə edilir)
Diqqət etsək, günümüzdə bu tip şikayətləri edən valideynlərin sayı hədsizdir. Onları təəsüf ki, hər kəs düz yola istiqamətləndirmir. Bəzisi də "böyüsə düzələcək" deyib boş ümidlərlə yaşayır.
Uzman dərəcəsi aldıqdan sonra artıq bu uşaqlarda da nəticə almağa başladım.
Uğurların davamını bundan sonra gördüm açıqcası.
Demək ki, hər kəs öyrənə bilərmiş. Bundan ötrü, səbirli, əzmli yolgöstərən olmaq şərtdir.
İşimin əsas və önəmli hissəsi də müəllimlərdir. Öyrəndiyim Oxu və Xətt təlimlərini müəllimlərə də tədris edirəm.
MİQ və sertifikasiya üzrə imtahanlara hazırlaşan İbtidai sinif müəllimləri müəllimlər üçün də Azərbaycanın dili və Riyaziyyat fənnindən onlayn kurslar təşkil edirəm. Bu sahədə də xeyli uğurlarımız var.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda ən çox müraciət MİQ və sertifikasiya hazırlıqları və Oxu metodları ilə bağlı olur.
- Bir mütəxəssis olaraq nəyə"yox" deyirsiniz?
- Ümumiyyətlə, mütəxəssis kimi şagirdə nəyisə hazır təqdim etməyin tərəfdarı deyiləm. İnsan yalnız özü axtarışda olanda, az da olsa zəhmət çəkəndə yeni nəsə öyrənir. Hazır informasiya qalıcı olmur.
- Xarakter olaraq nəcə birisiniz?
- Xarakterimdə ən çox gözə çarpan xüsusiyyət hər kəsə səbirli, təmkinli, həm də soyuqqanlı olmağımdır. Tez təlaşa düşmürəm. Nə baş versə də məntiqli qərar vermək üçün lazımlı addımları həmişə zamanında ata bilirəm.
Dinləməyi üstün tuturam. Bunu bir mədəniyyət hesab edirəm.
- Ailəlisinizmi?
- Ailəliyəm. Bir qız və bir oğul anasıyam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bu sualınıza bir əhvalatla cavab vermək istəyirəm.
Bir şagird dövrünün və şəhərinin məşhur müəlliminin yanına gəlir. Ondan dərs almaq istədiyini bildirir. Müəllim də onu bir gül bağçasına dəvət edir. Bir qaşığı su ilə doldurub ona bağçanı gəzməyi tapşırır. Və onu da tapşırır ki, 1 damcı su da dağılmamalıdır.
Şagird elə də edir. Gəzinti bitəndə müəllimi ondan hansı çiçəkləri gördüyünü sual edəndə heç bir cavab verə bilmir. Çünki diqqəti yalnız qaşıqdakı suda olub, ətrafındakı gözəlliklərə baxmadan ötüb keçib.
Həmin o bağça həyatdır. Hər kəs o bağçada gəzmək, gözəllikləri görmək, duymaq şansı alır, amma fərqində olmur. İstərdim hər kəs kimliyinin, gördüyü işin, daşıdığı məsuliyyətin, danışdığı sözün, getdiyi yolun, olduğu məkanın fərqində olsun. Çünki insanı insan edən bunlardır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu yerə qədər gələcəyəm, bu qədər güclü və əzmli olub, yorulmaq bilməyəcəyəm, ətrafımda olan şagirdlər, valideynlər, müəllimlər tərəfindən gözləmədiyim qədər sevilib hörmət görəcəyəm.
Əlaqə nömrəsi (055) 946 34 21