Mama-ginekoloq Şəhla Hüseynova: "Pasiyentə zərər verməmək əsas iş prinsipimdir"

- Şəhla xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmaq uşaqlıq arzum olub. Gözümü açandan ətrafımda həkimləri görmüşəm. Bəlkə də bu həvəs ele oradan qaynaqlanıb.
- Niyə məhz ginekoloogiyani seçdiniz?
- Əslində tibbin bütün sahələri mənə maraqlıdır. Amma valideynlərə sevinc bəxş etmək mənə çox xoş təsir bağışlayır. Ona görə də məhz ginekoloq oldum.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizi üzrə hansı işləri icra edirsiniz?
- Ginekologiyaya aid bütün əməliyyatları, müayinələri və müalicələri icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ümumi götürsək, xəstəliklərin sayı həddindən artıq çoxalıb. Amma daha çox sonsuzluq ilə bağlı müraciətlər olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən daha çox vicdan məsələsini önə qoyuram. Pasiyentə zərər verməmək əsas iş prinsipimdir. Bir də ki, pasiyentlərimin hər bir halda məndən məmnun qalması mənim üçün çox vacibdir.
- Xarakter olaraq necə birisiniz?
- Məni yumuşaq xarakterli biri kimi tanıyırlar. Amma yeri gəldikdə, haqlı olduğum yerlərdə çox sərt və prinsipial ola bilirəm. Öz məqsədlərimin arxasıyca axıra qədər gedən insanam.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Pasiyentlərin bəzi həkimlər tərəfindən aldadılmasına, onların lazımsız əməliyyatlara cəlb edilməsinə, lazımsız dərmanlar yazılmasına qəti surətdə "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Bizim xanımlar çox fədakardırlar. Öz sağlamlıqlarını ailəyə görə, övlada görə arxa plana atan xanımlardırlar. Amma çox yaxşı olar ki, öz sağlamlıqlarının da qeydinə qalsınlar. Bəzi xəstəliklər var ki, biz onun qarşısını yalnız proflaktik müayinələrlə ala bilirik. Ona görə də, xanımlara məsləhət görürəm ki, ildə heç olmasa bir dəfə proflaktik müayinələrdən keçsinlər. Çünki vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək böyük fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu günə qədər öz andıma sadiq qalmışam. Bunu əminliklə deyə bilərəm. Amma ağlıma gəlməzdi ki, cahilliklə mubarizə aparmaq bu qədər çətin olacaq. İnsanlar həkimlərdən daha çox görücülərə, belçəkənlərə və s. insanlara inanırlar. Çox təəssüf ki, bu problemlər hələ də qalmaqdadır.
Əlaqə nömrəsi: (050) 989 82 52




