Kardioloq Aytən Yüzbaşıyeva: "Vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"

- Aytən xanım, necə oldu ki, həkim oldunuz?
- Həkimliyə marağım lap uşaq yaşlarımdan olub. Şükür ki, istəyimə nail oldum. 2003-cü ildə universitetə daxil oldum. 2010-cu ildə bitirdim. 2010-2011-ci illərdə internatura təhsili aldım. 2108-ci ildə isə sertifikasiyadan keçərək fəaliyyətə başladım.
- Necə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ildir ki, kardioloq olaraq fəaliyyət göstərirəm
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Ürəyin işemik xəstəlikləri, miokard infarktı, infarktdan qabaq vəziyyətin, anadangəlmə və qazanılmış ürək qüsurlarının, həmçinin arterial hipertoniyanın, kardiomiopatiyaların, aritmiyaların müayinə və müalicəsi ilə məşğul oluram.EKQ, ExoKQ, Tredmil test və Holter monitirinq müayinələrini icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox hipertoniya (arterial təzyiqin yüksəlməsi), ürək qapaq xəstəlikləri, aritmiyalar və s. problemlərlə daha çox müraciətlər olur.
- Bu xəstəliklərin fonunda nə dayanır?
- Aktiv olmayan həyat tərzi, düzgün qidalanmamaq, rejimsizlik,psixoemosional gərginliklər, infeksion xəstəliklər, zərərli vərdişlər, qan dəyərindəki dəyişikliklər və s. ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxardır.
- İş prinsipiniz nədən ibarətdir?
- Həkim kimi insanlara kömək etmək, faydalı olmaq, onları düzgün yönləndirmək ən əsas iş prinsipimdir. Bir də ki, düzgün diaqnoz qoyub, vaxtında müalicə etmək çox vacibdir. Çünki vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Sahəmə aid olmayan təqdirdə pasientə müalicə təyin etmək və ona düzgün müalicə almaq üçün doğru ünvana yönləndirməmək iş prinsipimə ziddir.
-Xarakter olaraq necə birisiniz?
-Düşünürəm ki, yardımlaşmağı və paylaşmağı sevən biriyəm. Digər xüsusiyyətlərimi ətrafımda, həyatımda olan insanlar daha doğru nəql edər, məncə.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir övladım var.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki….?
-Toxuna bildiyim ürəklərə az da olsa şəfa bəxş edə bilməyimin mənə geri dönüş olaraq bu qədər hüzur verə biləcəyini təsəvvür etmirdim.
- Oxuculara nə məsləhət görürsünüz?
- Aktiv həyat tərzi keçirtməyə meyilli olsunlar, ziyanlı vərdişlərdən (spirtli içki, siqaret, enerji ickiləri və s.) uzaq dursunlar. Sağlamlıqlarına laqeyid yanaşmasınlar.İldə ən azı bir və ya iki dəfə kardioloji müayinələrdən keçsinlər.
Əlaqə nömrəsi: (055) 877 64 07
İnstagram: dr.ayten_yuzbasova
Mail: [email protected]