Oftalmoloq Flora Ağamalıyeva: "Hər bir pasientə öz doğmam kimi yanaşıram"
- Flora xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim atam, anam və nənəm həkim olub. Üç yaşım olanda atam mənə nağıl oxuyurdu. Oradakı qəhrəmanlardan birinin kor olduğunu eşidəndə ağlamışdım. Atam mənə dedi ki, sən ağlama, hər bir xəstəliyin çarəsi var. Onda mənim dörd yaşım var idi. Elə həmin andan etibarən qərara gəldim ki, oftalmoloq olacağam. Zaman keçdi, böyüdüm. Orta məktəbi qızıl medalla bitirdim. Moskavada Tibb Universitetinə daxil oldum. Sonra Bakıya köçdük və təhsilimi burada Tibb Universitetində davam etdirdim. Oranı bitirdikdən sonra aspiranturanı Moskvada oxudum və dissertasiya yazdım. Beləliklə, uzun bir yol keçdikdən sonra əynimə ağ xalat geyindim. Yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 35 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən öz sahəmə aid, demək olar ki, bütün göz əməliyyatlarını icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim əsas iş prinsipim pasientləri təkcə əməliyyatla, dərmanla sağaltmaq deyil. Onlara bir psixoloq olaraq yanaşıram. Onları dinləyirəm və hər birinə öz doğmam kimi yanaşıram. O zaman pasientin özündə güvəni və sağalmağa inamı artır.
- Hansı yaş qrupuna aid pasientlərlə çalışırsınız?
- Yaş məhdudiyyəti yoxdur. Bütün yaş qrupuna aid pasientləri qəbul edirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mən çox yumuşaq qəlbli və səmimi bir insanam. Heç kimin qəlbini sındırmaram. Çünki qəlb qırmaa böyük günahdır. Hətta kimsə mənim qəlbimi qırsa da, ondan incimərəm. Nəticə etibarilə, mən həkiməm.
- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?
- Bəli, tez-tez iştirak edirəm. Çünki tibb sürətlə inkişaf edir. Biz də bu yenilikləri öyrənib öz sahəmiz üzrə tətbiq etməyə çalışırıq.
- Ailəlisinizmi?
- Yoldaşım rəhmətə gedib. İki oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz sağlamlıqlarının qeydinə vaxtında qalsınlar. Göz çox vacib bir orqandır. Gözlərini qorusunlar və ildə ən azı iki dəfə müayinədən keçsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu sahə bu qədər çətin və məsuliyyətli olar. Mən atamın və anamın bu peşəni necə layiqincə yerinə yetirdiklərini, öz andlarına necə sadiq qaldıqlarını hər zaman görmüşəm. Mən də onların yolunu getmək və həkim andına sadiq qalmaq üçün əlimdən gələni edirəm.
Əlaqə nömrəsi: (051) 830 55 17