Klinik psixoloq Aygün Səfərova: "Psixologiyaya öz övladım qədər bağlıyam"
- Aygün xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəni seçməyimin səbəbi oldu. Mən Rusiyada yaşamışam və oxumuşam. Oradakı müəllimlərim mənə deyirdilər ki, səndən yaxşı psixoloq olar. Bunu mənim yaşadığım həyata hekayəmə görə deyirdilər. Zaman elə gətirdi ki, onların sözü doğru çıxdı və mən bu sahəyə yönəldim. Psixoloq oldum. Nə yaxşı ki, bu sahəyə gəldim. Psixologiyaya öz övladım qədər bağlıyam. Ailə məcəlləsi üzrə ixtisaslaşdım. Azərbaycana qayıtdım. Burada müəyyən kurslar keçib özümü tam təkmilləşdirdikdən sonra fəaliyyətə başladım. Hal-hazırda fəaliyyətimi "Alqoritmika" mərkəzində həvəslə davam etdirirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq səkkiz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizə aid hansı işləri icra edirsiniz?
- Mənim müxtəlif yaşlı pasientlərim olur. Yaş məhdudiyyəti yoxdur. Autizmli uşaqlarla, kəkələmə problemi olanlarla, eləcə də fərqli-fərqli ailələrlə çalışıram. Öz təcrübəm və biliyim sayəsində onları bu problemlərdən xilas etməyə çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olanı işimə olan sevgidir. Heç bir pasientə pul mənbəyi kimi baxmıram. Əsas iş prinsipim budur.
- Son zamanlarda xanımlar görkəmcə bir-birinə oxşamağa başlayıblar. Bunun səbəbi nədir?
- Doğrudur. Bəzən simasında heç bir dəyişikliyə ehtiyacı olmayan xanımlar da müraciət edirlər. Düşünürəm ki, bu hal psixoloji bir haldır. Bir-birində nəyisə görüb ondan istəyirlər. Hər halda, biz xanımlara öz məsləhətlərimizi veririk.
- Xarakter olaraq necə birisiniz?
- Prinsipial və iddialı bir insanam. Qarşıma qoyduğum məqsədə çatana qədər mübarizə aparmağı sevirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Son zamanlarda sizə daha çox narahat edən nədir?
- Son zamanlarda narkotik vasitlərdən istifadə edənlərin sayı artıb. Bu hal məni çox narahat edir. Bundan başqa, bəzi valideynlərin öz övladları ilə ünsiyyət qurmaması, gənclərin aldığı travmalar, ailədaxili münaqişələr və s. məni çox narahat edir.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi autizmli və daun sindromundan əziyyət çəkən uşaqların valideynlərinin onlara laqeyd yanaşmasına qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, insanlar psixoloqa müraciət etməkdən çəkinməsinlər. Əgər kimsə psixoloqa gedirsə, o, sağlam ailə təməlinin qurulmasına zəmin yaradır. Bu baxımdan da, gənc cütlüklərin də ailə qurmamışdan öncə psixoloqa müraciət etmələrini məsləhət görürəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu işi bacararam.
Əlaqə nömrəsi: (051) 530 20 33