Uşaq cərrahiyyəsi uzmanı Aynur Qurbanova: "Uşaq pasientlərlə davranışa diqqət edilməlidir"
- Aynur xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmaq mənim uşaqlıq arzum olub. Tibb Universitetinə 657 balla daxil olub, oranı qırmızı diplomla bitirdim. Universiteti bitirənə yaxın ixtisas olaraq uşaq cərrahiyəsini seçdim. Təhsilimi davam etdirmək üçün Türkiyəyə getmək qərarına gəldim. Çünki mənə bu sahəni burada öyrədəcək mütəxəssis yox idi. Düzdür, valideynlərim bunun əleyhinə idilər. Amma mən öz qərarımda israrlı idim. Beləlilkə, çox çətinliklər və sıxıntılarla imtahan verib Ankara Universitetinə qəbul oldum. İlk iki ili çox çətinlik çəkdim. 36 saat işləyirdim. Hətta Günəş işığını görəndə sevinirdim. Əvvəl-əvvəl Bakıya qayıtmaq istəyirdim. Amma səbr etdim və buna görə də bütün çətinliklər arxada qaldı. Öz sahəm üzrə tam şəkildə ixtisasldım və hal-hazırda fəaliyyətimi öz ölkəmdə davam etdirirəm. Cərrah olmaq, xüsusən də uşaq cərrahlığı çox gözəl hiss və duyğudur. Nə yaxşı ki, bu sahəni seçdim. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ilə yaxındır ki, uşaq cərrahiyyəsi ilə məşğulam.
- Öz sahənizə aid hansı işləri icra edirsiniz?
- Öz sahəmə aid olan bütün əməliyyatlart icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən əsası dürüstlük və dəqiqlikdir. İşimdə də bunu tələb edirəm.
- Xarakter olaraq necə birisiniz?
- İstiqanlı və ünsiyyətcil biriyəm. Hər kəslə dil tapıram. İnsanlarla dost olmağı sevirəm. Amma heç kimə haqqımı yedirtmirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir övladım var.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox qusma-ishalla bağlı müraciətlər olur. Ümumiyyətlə, uşaqlarda daha çox qasıq yırtığı, enməmiş xaya və s. problemlər müşahidə edilir.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Uşaq pasientlərlə davranışa diqqət edilməlidir. Onlarla nəvazişlə rəftar etmək lazımdır. Uşaqların valideynlərinə mütəmadi olaraq məlumat vermək gərəkdir. Bəzi həkimlərin uşaqlarla yalnış davranışına qəti surətdə "yox" deyirəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, öz işimd bu qədər vicdanlı və məsuliyyətli olaram.
Əlaqə nömrəsi: (051) 382 55 15