Psixoloq-psixoterapevt Emiliya Ahad: "Hər bir acının kökündə travma dayanır"
- Emilya xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə öz həyatımı dəyişdirərək, cavabı olmayan sualları araşdıraraq gəlmişəm. İnsan psixikasının dərinliklərini kəşf etdikcə yardımsevərliyim sözün əsl mənasında üzə çıxdı. Bütün insanların peşəkar və düzgün şəkildə təşkil olunmuş yardıma ehtiyacı var. Mənim də missiyam məhz budur. Dünyanın hər bir yerində müştərilərim olduğu üçün insanları hər tərəfli tanımağa fürsətim var və buna görə çox xoşbəxtəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Altı ildir ki, praktik səkildə bu işlə məşğulam. Ödənişsiz yardım layihələrində də iştitak etmişəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Psixika- ruhdur! Psixoterapiya ruhu müalicə edir, ona görə terapiya maksimal dərəcədə ekoloji, güvənli və faydalı, mütəxəssisin isə ruhu, qəlbi və beyini isə möhkəm olmalıdır.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Panik ataklar, fərqli sindromlar və psixoloji pozuntular ( müalicə psixiatrla bərabər olunur), narahatlıqlar, uşaqlıq travmaları, nəsildən-nəsilə keçən travma və psixosomatik xəstəliklərin müalicəsi və müayinəsi ilə məşğul oluram.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- İnsanın ruhu narahatdırsa, onun bütün həyatı alt-üst olur, heç bir şey istədiyi kimi getmir. Sağlamlıq, münasibətlər, iş dünyası, psixoloq yanına gəldikdə isə ya işindən, biznesindən danışır, ya sağlamlığından, ya da münasibətdən. Əslində isə bütün problemlər özünə qarşı sevgisizlikdən və uşaqlıqda sevilməməsindən əmələ gəlir. Burada isə peşəkar mütəxəssis yardıma gəlir. Çünki hər bir acının kökündə travma dayanır.
- Xarakter olaraq necə birisiniz?
- Açıqsözlü, sənətimin aşiqi, insanlara qarşı son dərəcədə həssas, sevgi dolu, eyni zamanda həyatına və ətrafda olanlara ciddi yanaşan xeyirxah biriyəm.
- Ailəlisinizmi?
- Bəli, 10 ildir ki, xoşbəxt evliliyim və iki övladım var.
- Bir psixoloq olaraq nəyə" yox " deyirsiniz?
- Hər şəkildə şiddətə, zülmə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Biz nə yaşayırıqsa, yaşayaq, hər şey bizim məsələyə yanaşmağımızdan asılıdır. Ona görə də həyatımızı gözəlləşdirən də bizik, məhv edən də bizik... Əgər kimsə "mən özüm özümə psixoloqam" sözünü deyib sinəsinə vura bilirsə, bir şeyi dərk etməyə çağırıram: " Psixika bizi qorumaq üçün, bütün yaşadıqlarımızı şüuraltıya gizlədir. Şüuraltıya girmək mümkün deyil, yalnız mütəxəssis sizi ora ekoloji şəkildə, ziyansız və travmasız yönəldə bilər!" Ona görə də insanlar öz üzərində çalışıb, mütəxəssisə müraciət etməkdən çəkinməsinlər. Çünki həyatı dəyişdirmək asan iş deyil.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, həyatda rastıma çıxan insanların çoxusunda bu qədər acı və travma var. İşin dərinliklərinə vardıqca hər şeyin həqiqəti o qədər acılıdır ki, yardım etməkdən başqa heç bir şey istəmirsən və daha da peşəkar olmaq məcburiyyətində qalırsan.
Əlaqə nömrəsi: (055) 331 88 80